21 May 2014 14:53
1 631
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyi Kliniki Tibb Mərkəzi (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov mövsümlə əlaqədar insanları həşərat sancmalarından ehtiyatlı olmağa çağırır.

Şöbə müdirinin Teleqraf.com-a bildirdiyinə görə, yayda daha çox hörümçəyin bir növü olan qara qurd, sarı və qara əqrəblərdən zəhərlənmə hallarına rast gəlinir: “Hələlik havalar sərin keçdiyindən bu həşəratlardan zəhərlənmələrlə bağlı müraciətlər edilməyib. Ancaq havalar istiləşən kimi bununla bağlı müraciətlərin daxil olacağı gözlənilir”.

Toksikoloq bildirib ki, aprelin 20-dən bu günədək 13 nəfəri ilan, 5 nəfəri isə müxtəlif növ həşərat sancıb: “İlan sancmalarının 8-i Bakı və ətrafı kəndlərin payına düşür. Bunlar əsasən Xəzər, Qaradağ, Nizami rayonlarının ərazilərində baş verib. Digər iki ilan sancmalarından 1-i Hacıqabul, 1-i Zərdab rayonlarında qeydə alınıb. İlan dişləməsindən zəhərlənən 3 nəfər xəstəxana, qalan 7 nəfər isə ambulator şəraitdə müalicə olunub”.

Azər Maqsudovun sözlərinə görə, qara qurd, sarı və qara əqrəblərdən zəhərlənənlər arasında Aran rayonlarında - Yevlax, Bərdə, Hacıqabul, Kürdəmir və Bakı ətrafı rayonlarda yaşayan insanlar üstünlük təşkil edirlər.

İlan sancmaları zərərçəkəni xilas etmək üçün ona vurulan zərdab məsələsini aktuallaşdırır. Azər Maqsudov deyir ki, çalışdığı klinikaya kifayət qədər zərdab ayrılıb. Rayon səhiyyə şöbələrinə gəlincə, toksikoloq bunun üçün vaxtında müraciət etməyi lazım bilir: “Onlar zərdab üçün müraciət etməlidirlər ki, rayon xəstəxanalarına ilan zəhərinə qarşı zərdab verilsin və həmin zərdablardan kəndlərdə tibb məntəqələrinə paylanılsın”.

Xatırladaq ki, ötən il baş verən 121 ilan sancma hadisəsi zamanı biri azyaşlı olmaqla iki nəfər həyatını itirib. Bunun da əsas səbəbi vaxtında zərdab vurulması olub.

Azər Maqsudov deyir ki, ilan sancan şəxsə 2-3 saat ərzində, zəhər qana tam şəkildə yayılmadan zərdab vurulmalıdır.

Naibə QURBANOVA


Müəllif: