Birinci Avropa Oyunları alovunun ikinci dayanacağı qədim tarixi və zəngin təbiəti ilə seçilən Lənkəran şəhəri olub.
Teleqraf.com-un məlumatına görə, alov çırağı aprelin 29-u Cənub diyarına Naxçıvandan xüsusi təyyarə reysi ilə gətirilib. Hava limanında və şəhərin küçələrində Bakı 2015-in məşəl estafetinin iştirakçıları hərarətlə və sevinc hissi ilə qarşılanıb.
Avropa Oyunlarının alovunun Lənkəranla tanışlığı alov qoruyanların müşayiəti ilə şəhərin girişində məşhur samovar abidəsindən başlanıb. Sonra məşəl məşhur Mayak və Lənkəranın şan-şöhrəti sayılan çay plantasiyalarını gəzib dolaşıb. Bu qısa səyahət şəhərin ecazkar təbiətinin nişanəsi olan palıdlı meşə zolağı və Xəzər dənizi sahillərində başa çatıb.
Axşam saatlarında Məşəl Estafeti Bayraq meydanında start götürüb. Dünya və Avropa çempionu Pərviz Qasımzadə (yunan-Roma güləşi), Əməkdar məşqçi Vüqar Sultanov (Taekvondo və yunan-Roma güləşi), Nazim Qulamov (boks), SSRİ idman ustası Baba Rzayev (sərbəst güləş), beynəlxalq dərəcəli hakim Məmməd Məmmədov (ağırlıqqaldırma), Əziz Quliyev (boks), Alı Ağayev (yunan-Roma güləşi), Avropa çempionatının medalçısı Elnur Hacıyev (boks), çempionu Toğrul Məmmədli (ağırlıqqaldırma), həmçinin şahmat üzrə Azərbaycan çempionu Sirus Həsənli və FİDE ustası Ceyhun Məmmədov yürüşdə iştirak etdilər. Yürüşə sonuncu qoşulan atletika üzrə məşqçi-müəllim Məlahət Tağıyeva Heydər Əliyev parkında gurultulu alqışlarla qarşılanıb.
“Bu anlar ən əziz xatirələrdən biri olacaq”
Məşəl Estafetinin Lənkəran mərhələsinin ilk məşəlçisi olmuş Pərviz Qasımzadə bu həyəcanlı anlar barədə fikirlərini bölüşüb: “Çox şadam ki, Birinci Avropa Oyunlarının məşəl estafetinə qoşulanlardan biri də mənəm. Bir vaxtlar yunan-Roma güləşi ilə məşğul olmuşam, gənclər arasında dünya və Avropa çempionluğunun sevincini yaşamışam. Bugünkü tədbir məni sanki o günlərə, yaşadığım o gözəl anlara qaytardı. Bütün ömrüm boyu mənim üçün bu anlar ən əziz xatirələrdən biri olacaq”.
Azərbaycan hərb tarixinin ən şanlı generallarından olmuş Səməd bəy Mehmandarov və II Dünya müharibəsinin qəhrəmanı, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun doğulub, boya-başa çatdıqları Lənkəranda, Məşəl Estafeti Alov Festivalı ilə davam edib. Tədbirin bayram ovqatı şəhər sakinlərinə xoş istirahət anları yaşadaraq, həm də Birinci Avropa Oyunları ilə yaxından tanış olmaq, hər kəsə özünü bu böyük tarixi hadisənin iştirakçısı kimi hiss etmək fürsəti qazandırıb.
“Belə bir gözəl ölkədə yaşadığımıza görə yalnız qürur duymaq olar”
Məşəl estafetinin iştirakçısı, şahmat üzrə FİDE ustası Ceyhun Məmmədov böyük tədbirlə bağlı ürək sözlərini paylaşıb: “Bir idman mütəxəssisi kimi “Bakı-2015”lə bağı tədbirin Lənkəranda da keçirilməsinə çox sevinirəm. Çünki bu, idmanla məşğul olmağa bir çağırış, təbliğatdır. Məşəl estafeti bu gözəl anları, ölkəmizin gözəlliklərini bütün dünya göstərəcək. Buna sevinmək, belə bir gözəl ölkədə yaşadığımıza görə yalnız qürur duymaq olar”.
Məşəlin Azərbaycan səyahəti sabah səhər saatlarında Lerik, günortadan sonra isə Astara rayonlarına yürüşlə davam etdiriləcək.
Nərgiz