Aprelin 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Respublikasının Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, görüşdə Kəmaləddin Heydərov qonaqları səmimiyyətlə salamlayıb, FHN-in fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. Nazir bu sahədə Türkiyənin müvafiq qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Respublikası Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi, korpus generalı İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb. O, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.