Bu gün Bakı Dövlət Universitetində (BDU) Mətbuat və İnformasiya şöbəsinin 15 illik yubileyi və şöbənin hazırladığı 3 dildə çap olunmuş “Bakı Dövlət Universiteti 15 il mətbuat aynasında” adlı kitabın təqdimat mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, tədbiri giriş sözü ilə açan BDU-nun rektoru Abel Məhərrəmov 2000-ci ildə yaradılan şöbənin indiyədək əldə etdiyi uğur və nailiyyətlər haqqında geniş məruzə ilə çıxış edib.
Sonra BDU-nun mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova şöbənin 15 illik fəaliyyətindən, kitabda yerləşdirilən materiallardan bəhs edib.
Universitetin jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və kafedra müdiri Cahangir Məmmədli universitet-mətbuat münasibətlərindən söz açıblar. Şamil Vəliyev universitetin onlayn televiziyasının yaradılacağını bildirib.
Tədbirdə Mətbuat Şurasının sədri Əflatun Amaşov və Təhsil Nazirliyinin informasiya şöbəsinin müdir müavini Cəsarət Valehov təbrik nitqi söyləyiblər.
Tədbirin sonunda BDU haqqında obyektiv, dolğun, əhatəli məlumatları yayımladığına və universitetin fəaliyyətinə göstərdiyi qayğıya görə bir neçə KİV rəhbərinə “BDU-ya informasiya dəstəyi” və “Universitetin dostu” nominasiyaları üzrə mükafatlar təqdim olunub.
Mükafatlandırılanlar arasında “Gündəlik Teleqraf” qəzetinin baş redaktoru Aynur Camalqızı və əməkdaşı Sevil Hilalqızı da var.
SEVİL