1 May 2015 13:37
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ali Neft Məktəbində (BANM) alman faşizmi üzərində Qələbənin 70-ci ildönümü münasibətilə “Heç kim unudulmur, heç nə yaddan çıxmır” mövzusunda təntənəli mərasim keçirilib.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin sədr müavini Valeh Ələsgərovun, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Arif Alışanovun, “Azərişıq” ASC-nin sədri Baba Rzayevin, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin və digər rəsmi şəxslərin iştirak etdiyi mərasimi giriş sözü ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov iştirakçıları salamlayıb, onları Qələbə günü münasibəti ilə təbrik edib. E.Qasımov Böyük Vətən Müharibəsi vaxtı Azərbaycanın əhalisi 3 mln. nəfər olduğunu qeyd edib və onun da 700 mindən çoxu müharibədə iştirak etdiyini vurğulayıb. Onlardan 300 mindən çoxu isə müharibədə həlak olduğunu deyərək, bu göstəricinin təxminən əhalinin 10 faizini təşkil etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə çıxış edən SOCAR prezidenti Rövnəq Abdullayev çoxminli neftçilər ordusu adından müharibə veteranlarını təbrik edib və Azərbaycanın mərd oğul və qızlarının o illərdə göstərdikləri döyüş və əmək şücaətindən, qəhrəmanlıqlarından danışıb. O, Böyük Vətən Müharibəsinin qələbə ilə başa çatmasında Bakı neftçilərinin misilsiz rolundan ətraflı bəhs edib. SOCAR prezidenti gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi, veteranların öz zəngin təcrübələrini onlara aşılaması baxımından bu günki mərasimin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Daha sonra “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi münasibəti ilə maddi yardımın verilməsi haqqında” SOCAR prezidentinin əmri oxunub. Əmrə əsasən, veteran neftçilərin maddi rifah halının yaxşılaşdırılması məqsədilə onlara maddi yardım ayrılıb.

Tədbirin rəsmi hissəsinin ardınca Böyük Vətən Müharibəsi veteranı, görkəmli neftçi-alim Əbdülağa Cavadovun anadan olmasının 95 illiyinə həsr olunmuş film nümayiş etdirilib.

Filmdən sonra Əbdülağa Cavadov səhnəyə dəvət edilib. O, tələbələrə döyüş xatirələrindən danışaraq, gənclərə tövsiyələrini verib və veteranlara göstərilən diqqət və qayğıya görə SOCAR rəhbərliyinə öz təşəkkürünü bildirib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər