2 May 2015 18:59
741
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq "Bakı-2015" I Avropa Oyunlarına 40 günə yaxın vaxt qalıb. Hər kəs oyunların Azərbaycan üçün son dərəcə vacib olduğunu deyərək, bununla ölkəmizin yeni tarix yazacağı qənaətindədir.

Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı Əkbər Qoşalı da bu fikirdədir. Onun sözlərinə görə, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi böyük uğurdur: "Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi illərdən başlayaraq, Azərbaycan idman ölkəsi kimi tanınmağa başlayıb. Bu mənada, "Birinci Avropa Oyunları" ifadəsinin özü Azərbaycan vətəndaşının, xüsusilə ictimai, siyasi, eləcə də, mətbu fəaliyyətlə məşğul olanların üzərinə bir vətəndaş məsuliyyəti qoyur. Azərbaycan I Avropa Oyunlarından daha öncə də müxtəlif beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edib. Eləcə də beynəlxalq səviyyəli elmi simpoziumlar, festivallar Azərbaycanda keçirilib. Bildiyiniz kimi, bu yaxınlarda III Qlobal Bakı Foruma ölkəmiz ev sahibliyi etdi. Beləliklə də, Azərbaycanın dövlət, xalq olaraq, bu sahədə zəngin təcrübəsi var. Biz bu təcrübəni dünya ilə yenidən paylaşırıq, bu təcrübə ilə Azərbaycanın haqq səsini tanıtmaq imkanlarını, həqiqətlərimizin məkan müstəvisini genişləndiririk. Bu da hər bir vətəndaşımızın üzərinə ləyaqətli bir davranış məsuliyyəti qoyur. Ona görə də Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına bir aydan artıq vaxtın qaldığı ərəfədə bizim hər birimiz səfərbər olmalıyıq".

Ə.Qoşalı bildirib ki, I Avropa Oyunları ilə bağlı əks təbliğatla məşğul olanların qarşısında durmalıyıq: "Bu mübarizə təkcə vətəndaşlıq borcu deyil, insanlıq borcudur. Çünki biz haqqın, ədalətin yanında dururuq. Haqqın-ədalətin yanında durmaq təkcə borc deyil, dini üslubla danışası olsaq, bunu savab gətirən bir iş kimi dəyərləndirərdim. Bütün bunlarla bərabər, Azərbaycan insanı qonaqpərvərdir, ölkəmiz böyük turizm potensialına sahib olan bir ölkədir. Hesab edirəm ki, I Avropa Oyunları adət-ənənələrimizi göstərmək üçün yeni imkanlar yaradır. Eyni zamanda, bu idman yarışı gələcəkdə Azərbaycana turistlərin gəlməsinə səbəb olacaq.

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru, politoloq Fuad Babayev isə bir neçə gün əvvəl "Bakı-2015" I Avropa Oyunları məşəlinin alovlandırılması mərasiminin keçirildiyini xatırladaraq bunları qeyd edib: "Prezident İlham Əliyev həmin mərasimdəki çıxışında ölkəmizin əsrlər boyu sivilizasiyalararası, millətlərarası, dinlərarası dialoqun aparılması üçün öz imkanlarını ortaya qoyduğunu vurğuladı. Bu olduqca əhəmiyyətli məqamdır. "Bakı-2015" böyük idman bayramı kimi yadda qalacaq. Əlbəttə ki, ölkəmizin dünyada sülhə, əmin-amanlığa böyük töhfəsi olacaq. Şəxsən mən adi seyirçi kimi oyunların başlanmasını səbirsizliklə gözləyirəm və idmançılarımıza uğurlar arzulayıram".

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər