3 May 2015 16:13
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakımız niyə vacibdir?

Azərbaycan müstəqillik əldə edəndən sonra həyata keçirilən sosial-iqtisadi islahatlardan biri də, vətəndaşlara gələcək həyatını müəyyənləşdirmək azadlığının verilməsi oldu. “Dar gün üçün ehtiyat” imkanı verən bu islahatlar həm də dövləti vətəndaşlar üçün etibarlı tərəfdaşa çevirdi. Hər bir şəxsə şərait yaradılır ki, gələcək sosial təminatını indidən qursun.

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı artıb

Əvvəllər vərdi uçot hesabı açdırmaqda maraqlı görünməyən vətəndaşlar son illər bunun əhəmiyyətini anlamağa başlayıblar.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ayrı-ayrı rayonlarda, kütləvi informasiya vasitələrində apardığı təbliğat sayəsində fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı artmaqda davam edir.

2015-ci il aprel ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayında əlavə olaraq 22 710 sığortaolunana fərdi şəxsi hesab açılıb. Cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,2 faiz artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 041 813 nəfərə yüksəlib.

Fərdi uçot - Qanunvericiliyə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır.

Respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edir. Bununla bağlı işləyənlər (sığortaolunan) işəgötürənlərlə (sığortaedən) əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar.

Qeyd edək ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. İstənilən sığorta, olunan “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidməti vasitəsilə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər.

Ödənilmiş sosial sığorta haqlarının fərdi uçotunun aparılması məqsədilə DSMF hər bir sığortaolunanı fərdi uçot sistemində uçota alaraq, onun üçün unikal sosial sığorta nömrəsi olan fərdi şəxsi hesab açır. Həmin hesabda sığortaolunanların gələcək pensiya təyinatı hüququnun reallaşdırılması üçün tələb olunan mühüm məlumatlar toplanır. Bu zaman sığortaolunanın DSMF-də uçota alındığını və onun üçün fərdi şəxsi hesabın açıldığını təsdiqləyən sosial sığorta şəhadətnaməsi rəsmiləşdirilir. Sosial sığorta şəhadətnaməsi yalnız şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim olunduqda etibarlı sayılır.

Sosial sığorta vergi deyil

Bildirək ki, bəzi ekspertlər sosial sığorta ilə verginin iqtisadi mahiyyətini ayırmaqda çətinlik çəkirlər.

Bununla bağlı DSMF-nin məlumatında qeyd olunur ki, sosial sığorta iqtisadi mahiyyətinə görə vergi deyil, işçinin əməyinin dəyərinin bir hissəsidir və sosial risklərdən sığortalanma məqsədilə fondlaşdırılır. İşçinin əməyinin dəyəri təkcə əmək haqqı kimi verilən məbləğlə deyil, işçi qüvvəsinin təkrar istehsalı üçün lazım olan bütün xərclərlə (o cümlədən xəstəlik, əlillik, qocalma, ailə başçısını itirmə hallarında təminatla) ölçülür. Buna görə də sosial sığorta haqları beynəlxalq təcrübədə, eləcə də ölkəmizdə əmək haqqına üstəlik adlandırılır və əmək haqqı ilə birlikdə məhsulun maya dəyərinə aid edilir. Burada ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqları həmin uçotun məlumatları əsasında müəyyənləşdirilir. Təssüf ki, bir sıra hallarda bəzi ekspertlər bunu vergi ilə qarışıq salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Halbuki, həmin mövzuda məlumatlı olmaq üçün sosial sığorta sistemləri baradə bir az tanışlıq kifayətdir.

Haqqımızı tələb edək!

Qeyd edək ki, qanunvericiliyə əsasən, əməkhaqqı fondundan sosial sığorta məqsədilə, 22 faizlik sosial ayırma həyata keçirilir. Bundan əlavə, işçi öz əməkhaqqından 3 faizlik ayırma həyata keçirir. Beləliklə, ümumilikdə sosial ayırmaların ümumi məbləği 25 faizdir. Nazirlər Kabineti tərəfindən tərtib edilmiş və Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirilən qaydalara əsasən, artıq işəgötürən və işçinin özü tərəfindən ayrılan bütün sosial ayırmalar işçinin şəxsi hesabına yığılır. Bu o deməkdir ki, məsələn, işçi üçün ödənilən sosial təminat xərcləri onun şəxsi hesabında toplanır.

Gələcəyini düşünən hər bir vətəndaş özünün sosial təminatlarını ciddi şəkildə formalaşdırmaq barəsində düşünməlidirlər. Vətəndaşlar yaşadıqları yerlərdə əmək müqavilələri bağlanmasında və buna uyğun sosial ödənişlər edilməsi üçün mübarizə aparmalı, haqqını tələb etməlidir. Hər bir vətəndaş başa düşməlidir ki, ödənilən sosial sığorta haqqından ən çox yararlanan elə vətəndaşın özü olacaq. Qısası fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır.

Ruslan Xəlil

Yazı Dövlət Sosial Müdafiə Fondunun “Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır” mövzusunda jurnalistlər arasında elan etdiyi müsabiqəyə təqdim edilir.


Müəllif:

Oxşar xəbərlər