4 May 2015 10:22
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda səfərdə olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu dövlətin Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri İbrahim Türkman ilə görüşüb.

Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə M.Qurbanlı deyib ki, Azərbaycan və İran xalqları eyni tarixi köklərə və adət-ənənəyə malikdirlər: “Ölkələrimizin prezidentləri arasında yaxın dostluq münasibətləri mövcuddur. Azərbaycan prezidenti xarici siyasətdə İranla əlaqələrin genişləndirilməsinə xüsusi önəm verir. Məhz prezidentlərin siyasi iradəsinin nəticəsidir ki, tarixən qonşu olan Azərbaycan və İran arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Artıq iqtisadi, siyasi, ticarət, mədəniyyət sahələrində nəzərə çarpacaq dərəcədə yaxınlaşma müşahidə edilir. Bunlarla yanaşı, hər iki xalqın eyni dinə mənsub olması da din sahəsində də əlaqələrin inkişaf etdirilməsi zərurətini meydana gətirib. Bu baxımdan din xadimlərinin və müvafiq dövlət qurumlarının qarşılıqlı səfərləri və mövcud problemlərin müzakirə edilərək aradan qaldırılması hər iki dövlətin maraqlarına uyğundur”.

Komitə sədri bildirib ki, rəsmi Tehranla Bakı beynəlxalq təşkilatlar çərçivəsində yaxın əməkdaşlıq edirlər: “İslam Əməkdaşlıq Təşkilatının bütün tədbirlərində Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağın azad edilməsi məsələsini gündəliyə gətirərkən İranın dəstəyini hiss edib. Azərbaycan prezidenti də birmənalı şəkildə bəyan edib ki, rəsmi Bakı heç bir zaman öz ərazisindən İrana qarşı istifadə olunmasına yol verməyəcək”.

Qeyd olunub ki, son vaxtlar dünyanın bəzi regionlarında islamafobiya halları artıb. Bəzi qüvvələr İslam dinini oduğu kimi yox, vəhşiliyi təbliğ edən bir din kimi qələmə verib öz maraqlarını güdürlər. Yaxın Şərqdə baş verən bəzi münaqişəli siyasi proseslər narahatlıq doğurmaya bilməz. İslam dini adından istifadə edən radikal qruplaşmalar böyük qüvvələrin əlində oyuncağa çevrilərək əhaliyə zülm edirlər. Bu kimi halların ölkələrimizə yayılmaması üçün qarşılıqlı fəaliyyət göstərmək zəruridir.

M.Qurbanlı nəzərə çatdırıb ki, hər iki ölkənin din xadimləri ilə yanaşı, dövlət qurumları da İslamın düzgün təbliğatını aparmalı və gənclərin yanlış təbliğata uymasının qarşısını almalıdırlar. Bu istiqamətdə Azərbaycanda həyata keçirilən işlər haqqında məlumat verən komitə sədri bildirib ki, Azərbaycan dövləti yeni məscidlər inşa edir, köhnə məscidləri bərpa edərək din xadimlərinin istifadəsinə verir, onların ibadət etməsi üçün geniş imkanlar yaradır. İslam dini insanları düzgün əxlaqa, saf həyat tərzinə dəvət edən bir dindir. Ona görə də bu dinin radikal cərəyanlar tərəfindən təhrif olunmuş şəkildə gənclərə çatdırılmasının qarşısı birgə əməkdaşlıqla alınmalıdır.

Dəvətini qəbul edib İrana səfər etdiyinə görə M.Qurbanlıya təşəkkür edən İbrahim Türkman bildirib ki, İran hər zaman radikal dini qruplaşmalarla mübarizə aparır və bu halların ölkədə yayılmasının qarşısını qətiyyətlə alır.

Bakıya etdiyi səfərini xatırlayan İ.Türkman Azərbaycanın inkişafının İranı sevindirdiyini nəzərə çatdırıb: “Eyni dinə mənsub olan xalqların daha sıx əlaqələrini təmin etmək lazımdır ki, inanclara xələl gətirilməsinin qarşısı alınsın. İran Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır və ona hörmətlə yanaşır. Bəzi qüvvələr iki qardaş dövlətin münasibətlərinə ziyan vurmağa çalışırlar. Odur ki, biz qarşılıqlı faydalı əməkdaşlıqla bu qüvvələrin istəklərinin həyata keçməsinə imkan verməməliyik”.

Görüşdə dini təhsil sahəsində əməkdaşlıq, regiondakı siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov da iştirak edib.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər