Azərbaycan Xalça Muzeyində iki gündür təşkil olunan “İstedadlı Əlillər” İctimai birliyinin II və III qrup əlillərinin əl işlərindən ibarət satış sərgisi təkcə təqdim olunan işlərlə yox, həm də müəllifləri ilə maraq oyadır. Sərgi iştirakçılarının bəzisinin anadangəlmə bəzisinin isə sonradan həyatda qazandığı fiziki məhdudiyyəti istedadına mane ola bilməyib.
Yusif Əlili - 6 yaşı var. Sərgiyə qatılan müəlliflərin ən kiçiyidir. Danışmır, amma firçası ilə heç bir natiqin danışa bilmədiyi qədər gözəl izah edir. Onun sərgiyə təqdim etdiyi “Neft Buruqları” işi insanı xəyal dünyasına aparır.
Vüsal Salmanov - 11 yaşı var. O, da sözlə yox, rənglərlə danışır. Sərgiyə təqdim etdiyi “Qoca” portreti bu oğlanın dərin mənalı əsərlərindəndir. Vüsaln Nizami Gəncəvinin “ Yeddi gözəl” əsərindəki çin gözəlini təsvir etməsi də onun daxili zənginliyini sərgiləyir.
Nərmin Hümbətzadə - 11 yaşlı bu xanım da Yusif və Vüsalla eyni taleyi yaşayır. Onun səssizliyi isə 2 yaşından sonra başlayıb. Tək-tək sözləri yenicə öyrənib, ifadə edən Nərmin hücumuna məruz qaldığı itdən qorxur və bir də heç vaxt danışmır.
Nərmin rəssamdır . Nizami Yaradıcılıq Mərkəzində profesional şəkildə bu işlə məşqul olur. Əsasən portret çəkir. Respublika 1- ciliyinə layiq görülüb. 30-dan çox diplomu var .9 yaşında Qran- Pri qazanıb. Polşa, Çexoslovakiya, Ukraynada diplomlara layiq görülüb. Bu sərgidə işlərindən ən çox sevdiyi “Buta”nı da satışa çıxarıb.
Məsləhət Tufan - Bir əli və bir ayağı olmayan bu xanım Gəncədə tək yaşayır. 20 ildir ki, toxumaqla məşquldur. Deyir ki, ən çətini portret toxumaqdır. Bu sərgiyə təqdim etdiyi Atatürk portretini 4 aya başa gətirib. Gözlərini toxumaq çətin olub. Məsləhət xanım işlərinin satışından da razıdıdr. Deyir ki, toxuduqlarımın əksəriyyəti satılıb. O, həm də 2 şer kitabının müəllifidir .
Aybəniz Nəsirova - 59 yaşı var. Doğulan gündən ayaqları işləmir. Amma həyata 4 əlli sarılıb. Öz üzərində daim işləməyi ona 3 dəfə “Qızıl Əllər” mükafatı laureatı adını qazandırıb. “Heydər Əliyev fondu”nun təşəbbüsü ilə İsveçrə Beynəlxalq Əqli Mülkiyyət Təşkilatının (WIPO) qızıl medalı ilə təltif olunub . Satış sərgisinə bir çox işlərini təqdim etsə də, “Sarı Gəlin” və “Dədə Qoqud faciəsi” mənin üçün başqadır deyir.
Bəli, indi onlar gözlərini nurunu sərf etdikləri əməklərini maddi rifahlarını yaxşılaşdırmaq üçün satışa çıxarıblar. Kimisi gözünə işıq axtarır, kimisi məhkum olduğu əlil arabasına döşəkçə almaq üçün pul qazanmaq istəyir. Gəlin bu işdə onların dostu olaq. Sərgilənən 200 -ə yaxın işdən birini də biz alaq. Alaq ki, fiziki sağlamlığı məhdud olanların həyat stimulunda payımız olsun.
Ən önəmlisi isə onların dostluğunu qazanmaqdır. Xaça Muzeyinin direktoru Röya Tağıyeva atıq “İstedadlı Əlillər” İctimai birliyinin “Bizim Dostumuz” fəxri diplomuna layiq görüldü. Səbəb sadə idi. Direktor Xalça Muzeyinin qapılarını onların üzünə açdığına görə təltif olunmuşdu: “ Biz hər zaman dəstəyə hazırırq. Hətta bizim işçilərimiz arasında da fiziki sağlamlığı məhdud olanı var. Əhməd Heydərov alı işçimiz var ki, o Xalça Muzeyinin saytının işinə yardım edir və biz ondan razıyıq. Muzeyimiz hər birinizlə iş birliyi qurmağa sizə yardımçı olmağa hazırdır.”
Əhməd Heydərov- 24 yaşı var. 9 ildir ki, ayaqları tutulub. amma bu ona heç nədə mane olmur. Enerjisi də, şənliyi də, həyatsevərliyi ilə bütün ətrafına işıq saçır. Əhməd Xalça Muzeyinin aparıcı proqramçısıdı.
Satış sərgisi mayın – 7dək davam edəcək. “İstedadlı Əlillər” İctimai birliyinin sədri Cavad Qasımov deyir ki,bu cür tədbirlər mütəmadi keçiriləcək və rayonları da əhatə edəcək.
Sərgilərə qatılın ki, onların ruzisinə ruzi qataq!
Naibə QURBANOVA