6 May 2015 21:36
780
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə cari ilin 5-8 may tarixində Bakıda keçirilən Vyetnam-Azərbaycan dostluğu forumu çərçivəsində ölkəmizdə təhsil almış vyetnamlı məzunlar Azərbaycan Dövlət Neft Akademiyasında qonaq olublar.

Qonaqları səmimi qarşılayan ADNA-nın rektor əvəzi, professor Vaqif Qurbanov rəhbərlik etdiyi təhsil ocağının 442 vyetnamlı məzunu, 30-dan artıq texnika elmləri namizədi və doktoru olduğu, hazırda isə 29 vyetnamlı tələbənin təhsil aldığı barədə məlumat verib. Keçmiş SSRİ-də Moskvadakı Patris Lumumba adına Xalqlar Dostluğu İnstitutundan sonra Əcnəbi vətəndaşlar üçün hazırlıq fakültəsi 1961-ci ildə məhz o vaxtlar Azərbaycan Neft və Kimya İnstitutu adlanan təhsil ocağında yaradılıb və buranı 1992 vyetnamlı gənc bitirərək, təhsillərini Sovet İttifaqının, o cümlədən Azərbaycanın digər ali məktəblərində davam etdiriblər. Beləliklə, Azərbaycan təhsil müəssisələrinin məzunları eyni zamanda ADNA-nın da yetirmələridir. Bu nailiyyətlərinə görə Vyetnam hökuməti Neft Akademiyasını 3 dəfə “Dostluq” ordeni ilə, 2010-cu ildə isə “Əmək” ordeni ilə təltif edib. V.Qurbanov vyetnamlı tələbələrin o zaman və indi də həddən artıq çalışqan, tərbiyəli və vətənpərvər olduqlarını söyləyib.

Görüşün sonunda hər iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Rəsmi hissədən sonra qonaqlar öz müəllimləri ilə görüşüblər, aldıqları biliklərinə görə onlara öz dərin minnətdarlıqlarını bildiriblər, xatirə şəkilləri çəkdiriblər.

Hazırda ADNA-da təhsil alan vyetnamlı tələbələrlə görüşən məzunlar həmvətənlilərin təhsili və asudə vaxtlarının təşkili ilə maraqlanıblar, onlara öz tövsiyələrini veriblər.

Nümayəndə heyəti ADNA-nın tarix muzeyindəki ekspozisiyalarla böyük maraqla tanış olduqdan sonra, Azərbaycanla Vyetnam arasındakı münasibətlərdən məmnunluq ifadə edən Fəxri Qonaqlar kitabında qeydlərini ediblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər