Mayın 7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin bazasında nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının Bakı şəhər birinciliyi keçirilib.
FHN-dən Teleqraf.com-a bildiriblər ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən tədbirdə paytaxtın, digər şəhər və rayonların məktəblərinin komandaları mübarizə aparıb.
Tədbirin açılışında çıxış edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamov və nazirliyin Fövqəladə Halların Xəbərdar Edilməsi Baş İdarəsinin Fövqəladə halların monitorinqi və xəbərdar edilməsi idarəsinin rəisi, polkovnik Məhbubə Mustafayeva bildiriblər ki, yarışlar yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilərə fərdi və ictimai təhlükəsizliyin təmin edilməsində məsuliyyətin, hərbi vətənpərvərlik ruhunun aşılanması, sağlam həyat tərzinin təbliği məqsədilə təşkil olunur.
Gərgin mübarizə şəraitində keçən yarışların yekununda Binəqədi rayonunda yerləşən Cəbrayıl rayonu Sirik kənd orta məktəbi birinci, Nizami rayon 220 nömrəli məktəbi ikinci, Yasamal rayon 225 nömrəli məktəbi isə üçüncü yeri tutub.
Qalib komandalar kubok və hədiyyələrlə mükafatlandırılıb. Birinci və ikinci yerləri tutan komandalar Bakı şəhərini “Gənc xilasedici və yanğınsöndürən” yarışları üzrə Azərbaycan birinciliyində təmsil etmək hüququ qazanıb