Ali Məhkəmədə Ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar yığıncaq keçirilib. Teleqraf.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabana gedərək Ulu öndərin məzarını ziyarət etmiş, ona öz dərin ehtiramlarını bildiriblər.
Tədbirdə Ali Məhkəmənin sədri Ramiz Rzayev Ulu öndərin həyat və fəaliyyəti ilə bağlı çıxış edib. Ali Məhkəmənin sədri böyük şəxsiyyət Heydər Əliyevin dahiliyinin hamılıqla qəbul olunduğunu qeyd etmiş, böyük siyasət aləmində, dövlətimizin taleyüklü məsələlərinin çözülməsində həlledici söz deyən ulu öndərin şərəfli ömrünün xalqımızın taleyi ilə bağlılığını və müstəqil Azərbaycanın memarı olduğunu nəzərə çatdırıb.
1995-ci ilin noyabrında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın Konstitusiyası hazırlanmış və ümumxalq referendumunda qəbul olunub. Bu Konstitusiya hüquqi dövlət quruculuğu istiqamətində atılan ən böyük addım idi. Insan hüquq və azadlıqlarının başlıca prinsiplərinin də bərqərar olması üçün əsaslı zəmin idi.
Ulu öndərimiz insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparıb. Ölkədə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul və metodlardan istifadə edilib. Hakim vəzifəsinə ədalətli və şəffaf seçim məhkəmə hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan verib. Ulu öndər Heydər Əliyev Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoymuş və onu inkişaf etdirib.
Ali Məhkəmənin sədri dahi insan Heydər Əliyevin amallarının xalqın gündəlik fəaliyyətində və düşüncəsində yaşadığını bildirərək bu amalların xalqımızı tərəqqi zirvəsinə doğru inamla aparan, dahi rəhbərimizin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla gerçəkləşdirildiyini vurğulayıb.
Yığıncaqda çıxış edənlər müstəqil dövlətimizin banisi və qurucusu Heydər Əliyevin fəaliyyətinin ayrı-ayrı mərhələləri haqqında danışıb, xatirələrini söyləmiş, onun irsinin daim yaşayacağını bildiriblər.
Hacı Zeynalov