8 May 2015 18:16
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Tofiq Hacıyev Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edib, Azərbaycan dilinin inkişafına xüsusi diqqət göstərməsindən danışıb: “Ana dili xalqın milli sərvəti, onun varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır.

1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edildi. Konstitusiyanın qəbulu ərəfəsində dövlət dilinin adı ilə bağlı keçirilən geniş ictimai müzakirələr Azərbaycan dilinin nüfuzunun artırılmasına geniş təsir etdi.

2001-ci ildə 18 iyun tarixində ümummilli liderin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” fərman isə yalnız cari bir sənəd deyil, xüsusi tarixi əhəmiyyət daşıyan böyük siyasi hadisə idi. Məhz Heydər Əliyevin yürütdüyü dil siyasətinin nəticəsində bütün dövlət və qeyri-hökumət təşkilatlarında, indiyə qədər Azərbaycan dilindən istifadə etməmiş qurumlarda dövlət dili, sözün həqiqi mənasında, bərqərar edildi. Eləcə də, latın qrafikasına keçid prosesi başa çatdırıldı. Beləliklə, 1 avqust tarixi hər il Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur”

.
Akademik 30 sentyabr 2002-ci ildə isə Heydər Əliyev tərəfindən “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun təsdiq olunmasına da diqqət çəkib: “Bu qanun ölkə Konstitusiyasına uyğun olaraq, Azərbaycan Respublikasında Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır”.

Tofiq Hacıyev deyib ki, Azərbaycan dilinin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır.

Sonra çıxış edən professorlar İsmayıl Məmmədov, Sevil Mehdiyeva və Qulu Məhərrəmli Azərbaycan dilinin inkişafı, yabançı təsirlərdən qorunması, saflığı, təmizliyi istiqamətində Heydər Əliyevin yeritdiyi siyasətdən, bu gün onun siyasi kursunun layiqli davamçısı kimi Prezident İlham Əliyevin uğurla davam etdirməsindən bəhs ediblər.

SEVİL


Müəllif:

Oxşar xəbərlər