9 May 2015 21:50
605
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlər ölkəmizdə və onun hüdudlarından kənarda Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü geniş miqyasda qeyd edilir. Respublikamızın ictimaiyyətilə birlikdə Dövlət Gömrük Komitəsinin orqan və təşkilatlarında da bu əlamətdar hadisə qeyd olunur.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında ümummilli lider Heydər Əliyevin xatirəsi geniş tədbirlərlə yad edilmişdir. Belə ki, dahi rəhbərin gömrük xidmətinin yaradılmasında, müasirləşdirilməsində, onun maddi-texniki bazasının genişləndirilməsində və ümumiyyətlə, gömrük sisteminin inkişafındakı rolu ilə bağlı Akademiyanın tələbə və müdavimləri, eləcə də şəxsi heyəti qarşısında mühazirələr təşkil olunmuşdur. Mühazirələrin təşkilində Akademiyanın əməkdaşları ilə yanaşı, respublikanın ali elm və təhsil ocaqlarının lektorları da yaxından iştirak etmişdir.

Bundan əlavə, Gömrük Akademiyasında ulu öndər Heydər Əliyevə həsr edilmiş mövcud guşə təzə eksponatlarla zənginləşdirilmişdir. Bu ali təhsil müəssisəsinin kitabxanasındakı dərslik, o cümlədən Heydər Əliyevlə bağlı kitab, broşüra və digər çap məhsullarının siyahısı və kartotekası yeniləşdirilmiş, lazımi qaydaya salınmışdır. Akademiyada tədris prosesində mütəmadi olaraq “Heydər Əliyev müasir Azərbaycan gömrüyünün banisidir” mövzusunda açıq və interaktiv dərslər təşkil edilmişdir. Həmin dərslərin aparılmasına Dövlət Gömrük Komitəsinin müvafiq idarə və şöbələrinin aparıcı mütəxəssisləri də cəlb edilmişdir.

Akademiyanın həyətyanı sahəsində tələbə, müdavim və şəxsi heyət tərəfindən kütləvi iməclik işləri aparılmışdır. Burada 150 ədədə yaxın ağac və gül kolları əkilmiş, 300-ə yaxın ağaca aqrotexniki qulluq göstərilmişdir. Aka­demiyanın həyətində və inzibati binasında da təmizlik-abadlıq işləri aparılmışdır.

Akademiyanın kollektivi Heydər Əliyev Mərkəzini ziyarət etmiş, Heydər Əliyevin hə­yat və yaradıcılığından bəhs edən eksponatlarla yaxından tanış olmuşdur. Tələbə özfəaliyyət kollektivi isə Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə keçirdikləri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalında fəal iştirak edərək final mərhələsinə yüksəlmiş və yekun konsertdə iştirak etmişdir.

Heydər Əliyevin doğum gününə həsr edilmiş idman yarışlarında da Gömrük Akademiyasının kollektivi fəal iştirak etmişdir. Akademiyada keçirilmiş dama, şahmat və stolüstü tennis yarışlarının qaliblərinə fərqlənmə diplomları təqdim olunmuşdur.

Nəhayət, yekun tədbir olaraq Gömrük Akademiyasında təntənəli yığıncaq keçirilmiş, tələbə və müdavimlər ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına dair məruzələrlə çıxış etmişlər. Yığıncağın bədii hissəsində isə tələbələr musiqi nömrələri ilə çıxış etmişlər. Sonra bir qrup tələbə və müdavimlərə fəxri diplomlar təqdim olunmuşdur. Tədbir ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatmışdır.


Müəllif: