1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi Qələbənin 70-ci ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, mayın 9-da Ali Məclisin Sədri Vasif Talıbov Naxçıvan şəhərindəki Xatirə kompleksinə gəlib, Böyük Vətən müharibəsi veteranları ilə görüşüb.
Ali Məclisin Sədri abidənin önünə tər gül dəstəsi qoyub, müharibədə həlak olanların xatirəsini ehtiramla yad edib.
Sonra Dövlət himni səsləndirilib.
Mərasim iştirakçıları və ictimaiyyətin nümayəndələri də abidə önünə gül dəstələri düzüblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov faşizm üzərində qazanılan tarixi Qələbənin 70-ci ildönümü münasibətlə 1941-1945-ci illər müharibəsi iştirakçılarını, muxtar respublikanın bütün əhalisini təbrik edərək deyib: İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə böyük tarixi hadisədir. Qısa müddətdə bütün Avropanı bürüyən bu müharibə miqyasına, iştirakçı ölkələrin və döyüşən orduların sayına, vurulan maddi zərərin və insan tələfatının həcminə görə bəşər tarixində baş vermiş müharibələrin ən böyüyü və ən dəhşətlisidir. Milyonlarla insanın ölümünə, şəhərlərin və kəndlərin dağıdılmasına, böyük iqtisadi və mənəvi tənəzzülə səbəb olan ikinci dünya müharibəsində qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük xidmətləri olub. Bir fakta nəzər salmaq kifayətdir ki, həmin dövrdə müttəfiq respublikalar içərisində ümumi əhali sayına nisbətdə döyüşən orduya ən çox əsgər göndərən və ən çox tələfat verən də Azərbaycan Respublikası idi. Azərbaycan əhalisinin hər 5 nəfərindən biri, başqa sözlə, 640 mindən çox azərbaycanlı döyüşən orduya yola salınmışdı. Təkcə müharibənin başlandığı bir gün ərzində Naxçıvan Muxtar Respublikasından 7 min nəfər könüllü olaraq cəbhəyə getmişdi ki, onların da 40 faizi həmin gün 18 yaşı tamam olmuş gənclər idi. Bütövlükdə muxtar respublikanın 129 min əhalisindən 30 minə yaxını 1941-1945-ci illər müharibəsində iştirak etmiş, onların yarıdan çoxu həlak olmuşdu.
Ali Məclisin Sədri 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsini yad edərək deyib: 1941-1945-ci illərin müharibəsində Qələbənin qazanılmasında Azərbaycan xalqı sanballı töhfələr vermiş, azərbaycanlı çağırışçılardan və könüllülərdən ibarət 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı atıcı diviziyalar böyük qəhrəmanlıq nümunəsi göstərmişdilər. 402-ci atıcı diviziya Naxçıvanda formalaşaraq buradan birbaşa döyüş meydanına yola salınmışdı. Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçən həmyerlilərimiz göstərdikləri qəhrəmanlıqlarla adlarını tarixə yazmışlar. Döyüşlərdə iştirak edən naxçıvanlılardan 3-ü Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülmüş, bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi, müharibə iştirakçılarından 102-si “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri, 105-i birinci və ikinci dərəcəli Böyük Vətən müharibəsi, 315-i “Qırmızı ulduz”, 29-u “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşlar.
Qeyd edilib ki, İkinci Dünya müharibəsi əvvəlki müharibələrdən fərqli olaraq, süvari və piyadaların deyil, ilk növbədə hərbi texnikaların və döyüş maşınlarının müharibəsi idi. Neft və neft məhsulları olmadan bu texnikanın hərəkətə gətirilməsi və düşmən üzərində qələbənin təmin edilməsi mümkün deyildi. Həmyerlimiz akademik Yusif Məmmədəliyevin rəhbərliyi altında Azərbaycanın kimyaçı alimləri xüsusi təyinatlı yanacaq və şaxtaya davamlı sürtgü yağlarının, eləcə də partlayıcı maddələrin mühüm tərkib hissələrinin istehsalını təmin etməklə Qələbəyə öz töhfələrini veriblər. Faşizm üzərində böyük Qələbənin qazanılmasında Azərbaycan xalqının müstəsna xidmətlərini yüksək dəyərləndirən ümummilli liderimiz Heydər Əliyev deyib: “Azərbaycan xalqı öz qəhrəman oğullarının cəbhədəki igidlikləri ilə bu qələbənin əldə olunmasında böyük xidmətlər göstərmişdir. Bu qələbədə onun böyük payı var... Biz bu bayramı böyük iftixar hissi ilə qeyd edirik”.
Ulu öndər Heydər Əliyev 1941-1945-ci illər müharibəsi veteranlarını “xalqın qızıl fondu” adlandırmış, onlara qayğısını heç vaxt əsirgəməmişdi. Ümummilli Liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə Qələbə Günü kimi rəsmiləşdirilərək dövlət bayramları sırasına daxil edilib, müharibə veteranlarının sosial müdafiəsi gücləndirilib, imtiyazları və statusları bərpa olunub. Bu gün ölkəmizdə müharibə veteranlarına dövlət qayğısı sosial siyasətin əsas istiqamətlərindən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir.
Ali Məclisin Sədri müharibə veteranlarının keçdikləri həyat yolunu, göstərdikləri əzm və iradəni, qazandıqları döyüş təcrübəsinin bugünkü və gələcək nəsillər üçün nümunə olduğunu bildirib, çıxışını böyük dövlət xadimi Heydər Əliyevin “Hər bir gənc veteranlarımızın qəhrəmanlıq nümunələrindən, əmək fədakarlığından özü üçün nümunə götürməlidir. O qəhrəmanlıq nümunələri bugünkü nəslimiz, gələcək nəsillər üçün örnək, məktəb, təcrübə mənbəyi olmalıdır”, - fikirləri ilə tamamlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası sədrinin müavini Heydər Heydərov çıxış edərək deyib ki, ümummilli liderimiz Heydər Əliyev müharibə veteranlarına daim diqqət və qayğı göstərib. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də müharibə veteranlarına diqqət və qayğısını əsirgəmir. Əmək pensiyalarının və müavinətlərin artırılması, hər il 9 May Qələbə Günü münasibətilə birdəfəlik müavinətin verilməsi, minik avtomobilləri ilə təminat, mənzil-məişət şəraitinin yaxşılaşdırılması veteranlara dövlət tərəfindən göstərilən diqqətin bariz nümunəsidir. Naxçıvan Muxtar Respublikasında da müharibə iştirakçılarına xüsusi qayğı ilə yanaşılır, onların sosial müdafiəsi gündən-günə gücləndirilir, veteranlar sanatoriya və kurortlara göndərilir, minik avtomobilləri və mənzillərlə təmin olunurlar. Göstərilən diqqət və qayğıya görə muxtar respublikanın veteranları adından minnətdarlıq edən Heydər Heydərov gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, eləcə də milli dəyərlərimizin yaşadılaraq gələcək nəsillərə çatdırılmasında bundan sonra da səylərini əsirgəməyəcəklərini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən Naxçıvan şəhərindən olan müharibə veteranları Qara Fərzəliyev, Heydər Heydərov, Qasım Qasımov və Dilbər Təhməzbəyova da “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medalı ilə təltif olunublar.
Ali Məclisin Sədri “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi” yubiley medallarını veteranlara təqdim edib.
Həmin gün Naxçıvan Muxtar Respublikasının rayon mərkəzlərində də faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə tədbirlər keçirilib.