“Atəşkəsin imzalanması Azərbaycana yenidən güclənməsi üçün əlavə vaxt qazandırdı”. Bu sözləri atəşkəsin imzalanmasının 21-ci ildönümü ilə bağlı Teleqraf.com-a açıqlamasında millət vəkili Adil Əliyev qeyd edib: “Xüsusi vurğulamaq istərdim ki, həmin dönəmdə ulu öndər Heydər Əliyev hakimiyyətə yeni gəlmişdi və vəziyyəti düzgün analiz edərək, sazişin imzalanmasına nail oldu. Çünki, keçmiş hakimiyyət yeni iqtidara xaos, qeyri-stabil vəziyyət və dağınıq ordu, dağılmış iqtisadiyyatı mirası qoymuşdu. Bununla hansısa uğurlu nəticə əldə etmək mümkün deyildi. Ona görə Heydər Əliyevə vaxt lazım idi ki, Azərbaycanı bugünkü vəziyyətə gətirib çıxa bilsin. Baş verənlər bir daha onu göstərir ki, Heydər Əliyev uzaqgörən siyasətçi idi”.
A.Əliyev bildirib ki, bu illər ərzində Azərbaycan gücləndi və dünyada mövqeyini daha da möhkəmləndirdi: “İqtisadi və enerji layihələrini gerçəkləşdirməklə, Ermənistanı böglədən təcrid edə bildi. Nəticədə bu gün Ermənistan səfalət içindədir və insanlar ölkəni tərk edirlər. Çünki, Ermənistan özü bu yolu seçib. Rəsmi İrəvanın Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik siyasəti ona heç nə qazandırmadı.
Azəbaycan ölkəyə daxil olan böyük maliyyə hesabına güclü ordusunu qurdu və bölgənin lider dövlətinə çevrildi”.
Millət vəkili beynəlxalq təşkilatları tənqid edərək deyib ki, atəşkəs dönəmində beynəlxalq təşkilatlar Ermənistanın təcavüzkar siyasətindən imtina etməsi üçün hansısa ciddi iş ortaya qoymadılar: “ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və həmsədrlərin turist səfərləri bu qurumu əhəmiyyətsiz vəziyyətə gətirib. Onların nəticəsiz fəaliyyətləri Azərbaycanın başqa vasitələrə əl atmasını tezləşdirir. Sabah bölgədə müharibə baş verəcəksə, məsuliyyət Ermənistanın və onun işğalçılıq siyasətini qınamayan beynəlxalq güclərin üzərinə düşəcək”.
BƏXTİYAR