22 May 2014 12:59
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

7 saylı internat məktəbində şagirdi Nahid Zaur oğlu Cavadovun yeni videogörüntüsündən bəlli olub ki, o müəlliməsi tərəfindən döyülüb.

Uşağın döyülməsi ilə bağlı xəbər yayıldıqdan sonra Təhsil, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlikləri hadisə yerində araşdırma aparmağa başladıqlarını açıqladılar. Günün sonunda isə rəsmi qurumlar uşağın döyülmədiyi, ayaqyolunda sürüşərək yıxıldığı barədə xəbər yaydılar.

Uşaq Hüququ üzrə QHT Alyansının üzvü Nabil Seyidovun Teleqraf.com-a bildirdiyinə görə, baş verən hadisə ilə bağlı araşdrıma yanlış aparılıb. Onun fikrincə, Daxili İşlər, Milli Təhlükəsizlik nazirliklərinin bu sorğuda iştirakı sonrakı mərhələlərdə həyata keçirilməli idi:

“Birinci etapda bunu səs-küylə keçirmək əks-effekt verib. Əlbəttə, daha düzgün olardı ki, Təhsil Nazirliyi xüsusi müstəqil komissiya yaradardı. Komissiyaya zorakılıqları araşdıran təşkilatın nümayəndələri, ixtisaslaşmış psixoloqlar daxil edilərdi. Uşaqla müsahibə internatda, hadisənin baş verdiyi yerdə yox, kənar mıkanda aparılmalı idi.

Çox güman ki, uşaq sorğu zamanı gərgin olub və yıxıldığını söyləməklə sorğu-sualdan can qurtarmaq istəyib. Ola da bilər uşağa belə danışmaq məsləhət bilinib. Halbuki bu sorğunu ilk növbədə peşəkar qadın psixoloqlar, xüsusi təlimatlandırılmış pedaqoqlar aparmalıydı”.

Nabil Seyidovun fikrincə, internat məktəblərində uşaqlara qarşı zorakılıq hallarının baş verməsi faktlarına tez-tez rast gəlinir.

Təhsil Nazirliyi 7 nömrəli xüsusi internat məktəbində şagirdin döyülməsi faktı ilə növbəti dəfə açıqlama verib. Nazirlikdən bildirilib ki, məsələnin araşdırılması bilavasitə təhsil naziri Mikayıl Cabbarovun şəxsi nəzarətinə götürülüb.

Hadisənin ilkin araşdırılması zamanı hər iki dövlət qurumunun - Təhsil Nazirliyinin və Daxili İşlər Nazirliyinin bir-birindən müstəqil şəkildə eyni nəticəyə gəlməsinə baxmayaraq, Təhsil Nazirliyi tərəfindən məsələnin daha təfsilatı ilə araşdırılması üçün əlavə yoxlama məqsədilə xüsusi komissiya yaradılıb. Komissiyanın fəaliyyət göstərəcəyi müddətdə 7 nömrəli internat məktəbinin rəhbərliyi və məsələdə adı hallandırılan digər şəxslər vəzifəsindən müvəqqəti kənarlaşdırılıb və təhsil müəssisəsinin idarəolunması Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinə həvalə olunub.

Ombudsman Aparatından Milli Preventiv Qrupun rəhbəri Vüqar Məhərrəmovun Teleqraf.com-a bildirdiyinə görə, qurum uşaq müəssisində monitorinq aparacaq.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə deyib ki, internat məktəbində uşağın döyülməsi ilə bağlı materiallar Suraxanı rayon prokurorluğuna göndərilib: “Bundan sonrakı araşdırmanı rayon prokurorluğu aparacaq. İlkin araşdırma aparılıb, nəticə də məlumdur. Uşağın üzündəki zədələr döyülməyə xarakterik deyil”.

Orxan Mansurzadə həmçinin qeyd edib ki, hadisə Daxili İşlər Nazirliyi tərəfindən ətraflı araşdırılıb: “Əvvəl qeyd etdiyimiz fikirlərin üzərində dayanırıq. Görünür, kimlərsə bu açıqlamadan narahat olublar. Sosial şəbəkədə guya uşağın fikirləri təkzib edən videosu yerləşdirilib. Diqqətli tamaşaçı kadrlara baxan kimi uşağın fikrinin yönləndirildiyini görür”.

Sevil HİLALQIZI


Müəllif: