Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün ilkin olaraq üç fərdi evin tikintisinə başlanılıb.
Tikilən evlərdən ikisi üç, biri isə iki otaqlıdır. Fərdi evlərin hər üçü Siyəzən şəhəri ərazisində inşa olunur. Həyətyanı torpaq sahəsi ilə təmin edilən evlərin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.
Siyəzən Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Kamilə Yusifova bildirib ki, yaxın illərdə bu kateqoriyadan olan digər əlillər və şəhid ailələri də mərhələlərlə yeni fərdi evlər və mənzillərlə təmin ediləcəklər.
Ümumiyyətlə, son illər Siyəzən rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 16 mənzilli bir bina və 3 fərdi ev tikilib istifadəyə verilib.