Bu ilin mayın 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 5 faiz artıb.
DSMF-nin ictimaiyyətlə əlaqələr sektorundan Teleqraf.com-a verilən məlumata görə, aprel ayı ərzində əlavə olaraq 562 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 23 652 nəfərə yüksəlib.
Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,82 faizini (21 009 nəfər) kişilər, 11,18 faizini (2 643 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (12 483 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 654 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 384 nəfərə çatıb.
Sonrakı yerlərdə İran İslam Respublikası (908), Çin Xalq Respublikası (789), Hindistan (667), Pakistan İslam Respublikası (478), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (393), Ukrayna (292), Özbəkistan (248), Banqladeş Xalq Respublikası (212), Almaniya Federativ Respublikası (204), Filippin Respublikası (202), Türkmənistan Respublikası (194), ABŞ (187), Qazaxıstan Respublikası (174), İtaliya Respublikası (162), Koreya (149) və s. ölkələr qərarlaşıb.
2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.
Naibə QURBANOVA