Kütləvi informasiya vasitələri məişət zorakılığı fenomeni haqqında məlumatın artırılması, qadın hüquqlarının təşviqi və zorakılıq hallarına son qoymaq məqsədilə ictimaiyyətin səfərbər edilməsində vacib rol oynayır.
Bu məqsədlə ATƏT–in Bakı Layihə Əlaqələndiricisi və Azərbaycan Mətbuat Şurası Azərbaycanda məişət zorakılığı sahəsində mövcud olan problemləri işıqlandıran ən yaxşı videoreportajlar üçün müsabiqə elan edir. Qiymətləndirmə ATƏT, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının nümayəndələrindən ibarət komissiya tərəfindən aparılacaq.
Videoreportajlar mayın 1-dən noyabrın 30-dək qəbul olunacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur. Videoreportajlar 5 dəqiqədən artıq olmamalıdır.
Qiymətləndirmə zamanı problemin hərtərəfli əhatə olunması (qurbanın vəziyyəti, institusional baxım, eləcə də gender, sosial, iqtisadi, səhiyyə və mədəni aspektlər, məqalənin məişət zorakılığı fenomeni haqqında ictimai məlumatlılığın artırılmasına töhfəsi, məqalənin “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiqinə töhfəsi, dilin aydınlığı və dəqiqliyi, üslubun orijinallığı və etika kimi meyarlar əsas götürüləcək.
Müsabiqənın mükafat məbləği I yer üçün 1500 manat, II yer üçün 1200 manat, III yer üçün 1000 manatdır. Bundan əlavə, 1000 manat məbləğində “Gənc jurnalistin təqdim etdiyi ən uğurlu reportaj” (25 yaşına çatmamış müəlliflər arasında) xüsusi mükafatı müəyyənləşdirilib.