Bu ilin ilk 3 ayında “Şahdəniz” yatağından 2,6 milyard standart kubmetr qaz və 0,6 milyon ton (təqribən 5 milyon barrel) kondensat hasil edilib.
Bu barədə AZƏRTAC-a “bp-Azerbaijan” şirkətindən məlumat verilib. Bildirilir ki, mövcud “Şahdəniz” qurğularının maksimum hasilat gücü gündə 29,5 milyon standart kubmetr və ya ildə təqribən 10 milyard kubmetrdir. Birinci rüb ərzində “Şahdəniz Mərhələ 1” platforması bir yeni hasilat quyusunun qazılmasını, İstiqlal və Heydər Əliyev qazma qurğuları isə “Şahdəniz Mərhələ 2” layihəsinin öncədən qazma proqramına dəstək vermək üçün qazma əməliyyatlarını davam etdirib. Bu iki qazma qurğusu artıq ilk qazın hasilatına hazırlıq çərçivəsində yeddi hasilat quyusunu qazıb. Qazma işləri hasilatın planlaşdırılan sabit səviyyəsinə nail olmaq üçün tələb olunan bütün quyuların təhvil verilməsi istiqamətində davam edəcək.
“Şahdəniz” yatağı Azərbaycan (SOCAR-a), Gürcüstan (GOGC şirkətinə), BTC şirkəti və Türkiyə (BOTAŞ şirkətinə) bazarları üçün qaz hasilatını davam etdirib. Birinci rüb ərzində “Şahdəniz” üzrə fəaliyyətlərə təqribən 0,1 milyard dollar əməliyyat xərcləri və 1,1 milyard dollar əsaslı xərclər sərf olunub. Əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz Mərhələ 2” layihəsinə aiddir.
“Şahdəniz”də iştirak payları belədir: bp (operator – 28,8 faiz), AzŞD (10 faiz), Cənub Qaz Dəhlizi Apstrim (6,7 faiz), Petronas (15,5 faiz), LUKOYL (10 faiz), NİKO (10 faiz) və TPAO (19 faiz).