Mingəçevirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və şəhər icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans işə başlayıb. Komitən Teleqraf.com-a verilən məlumata görə, tədbirdə bölgədə fəaliyyət göstərən dini icmaların sədrləri, imam və axundlar, ilahiyyatçılar iştirak edirlər.
Tədbirdə çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov maarifləndirmə məqsədilə keçirilən konfransın əhəmiyyətindən danışıb, şəhərdə qeydiyyatdan keçən dini icmaların hamısına fəaliyyət göstərmələri üçün lazımi şərait yaradıldığını bildirib. Milli mənəvi dəyərlərimizin qorunmasının vacibliyini qeyd edən N.Bayramov dövlətin bu sahəyə qayğısını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, dini-etiqad azadlığının təmin olunması, şəhərdə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı ölkəmizdə dövlət-din münasibətləri ilə bağlı ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanda dinlərarası münasibətlərin yüksək səviyyədə olduğunu, hər kəsin dini etiqad azadlığının qorunduğunu bildirib. M.Qurbanlı ölkəmizdə tarixən tolerantlıq mühitinin, dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyünü, dövlət-din münasibətlərinin zəngin milli tarixi ənənəyə əsaslandığını və beynəlxalq hüquqi normalarla tənzimləndiyini qeyd edib. Komitə sədri deyib: “Milli mənəvi dəyərlərimizin tərkib hissəsi olan, o cümlədən ölkə əhalisinin əksəriyyətinin etiqad etdiyi İslam dini və mədəniyyətinin təbliği prioritet məsələlərdəndir. Azərbaycan dünyaya inteqrasiya edən ölkədir, amma bununla yanaşı, biz öz milli mənəvi dəyərlərimizi də qoruyuruq. Hazırda dünyada İslam dinini radikalizmə sürükləmə meyilləri artmaqdadır. Çünki İslam dini haqqında yanlış məlumatlar insanların düşüncələrində mənfi fikir yaradır. Buna görə də dini maarifləndirmə işinə daha diqqətli yanaşılmalı, bu sahədə görülən işlər davam etdirilməlidir.
Dövlət Komitəsinin hüquq- mühafizə orqanları ilə birgə həyata keçirdiyi tədbirləri xüsusi vurğulayan M.Qurbanlı radikalizmin qarşısının alınmasında bu tədbirlərin böyük əhəmiyyəti olduğunu diqqətə çatdırıb. O bildirib ki, ölkəmizdə dini radikalizmin sosial bazası yoxdur. Həyata keçirilən tədbirlər nəticəsində radikalizmə meyilli qrupların iqtisadi və ideoloji əsasları tamamilə iflasa uğrayıb. Radikalizmlə mübarizədə Dövlət Komitəsi cəmiyyətin bütün strukturları, o cümlədən qeyri-hökumət təşkilatları və ictimai birliklərlə birgə bir sıra layihələr həyata keçirir. Komitə sədri qeyd edib ki, biz milli mənəvi, dini adət-ənənələrimizi, tolerantlıq mühitimizi qorumalı və yaşatmalıyıq.
Konfransda iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Əli Məmmədov, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının dekanı Nizami Zeynalov ölkəmizdəki dövlət-din münasibətlərindən bəhs edərək, dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini vurğulayıblar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransdan sonra şəhərdəki Heydər məscidində dindarlar və icma üzvləri ilə görüşüb.
BƏXTİYAR