Azərbaycan Tibb Universitetinin (ATU) altı tələbəsi xüsusi diploma layiq görülüb.
ATU-dan Teleqraf.com-a verilən məlumata görə, tələbələr təhsil müddəti boyunca universitetin ictimai həyatında nümayiş etdirdikləri fəallığa görə mükafatlandırılıblar.
Diplomların təqdimetmə mərasimində çıxış edən ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov belə fəal tələbələrin sayının daha çox olduğunu bildirib: “Tibb Universitetinin tələbələri nizam-intizamları, səliqə-səhmanlı olmaları ilə seçilirlər. Bu haqda mən həmişə kənardan da müsbət rəylər eşitmişəm. Əminəm ki, belə fəal tələbələrimizin sayı daha çoxdur. Onlar həmişə keçirilən tədbirlərə qatılır, hər cür ictimai təşəbbüslərdə aktiv iştirak edirlər”. Rektor həmçinin Tibb Universiteti rəhbərliyi tərəfindən tələbələrin yüksək keyfiyyətli təhsil alması üçün hər cür şərait yaradıldığını, yataqxanaların təmir olunaraq istifadəyə verildiyini xatırladıb.
ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri, dosent Elşad Novruzov universitetdə tələbələrin ictimai fəaliyyəti haqqında məlumat verin. Onun sözlərinə görə, hazırda ATU-da “FLASHMOB”komandası, “Medical conversation” danışıq klubu, “NƏ?HARDA?NƏ ZAMAN?” oyunu üzrə intellektual klub, “Vətəndaş Cəmiyyəti - DEBAT” ictimai klubu, “Esculap” şən və hazırcavablar klubu fəaliyyət göstərir. Həmçinin, ATU-nun və Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının dəstəyi ilə yaradılan “Medicus”klubları fəaliyyət göstərir.
Daha sonra ATU-nun ictimai həyatında fəal iştirak edən altı tələbəyə diplomlar təqdim olunub. Bunlar Qismət Quliyev, Araz İsmayılov, Orxan Həsənov, Sərxan Şükürov, Şəmsi Nuriyev və Malik Şükürlüdür.
Naibə QURBANOVA