Əmlak Məsələləri Dövlət Komitəsinin sosial tədbiri olan və hər ay keçirilən “Kütləvi çıxarış” kampaniyası yeni formatda bu dəfə Şamaxı rayonunda davam etdirilib.
Teleqraf.com xəbər verir ki, kampaniya çərçivəsində rayon və şəhərlərdə, uzaq kənd və qəsəbələrdə rahat və çevik şəkildə vətəndaşlara daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar təqdim olunur, qeydiyyatla bağlı ilkin sənədlər qəbul edilir.
Rayonun bir sıra fiziki məhdudiyyətli vətəndaşları bu dəfə keçirilən kampaniyadan birbaşa öz evlərindəcə faydalanıblar. Belə ki, komitənin mobil ofisləri (xüsusi nəqliyyat vasitələri) onların ünvanına gedib, qeydiyyatla bağlı ilkin sənədlər birbaşa evlərdə yoxlanılaraq qəbul edilib. Eyni zamanda, dövlət reyestrindən çıxarışlar bu təbəqədən olan vətəndaşlara elə onların mənzillərində təqdim olunub.
Şamaxı rayonunda kampaniya çərçivəsində 200-ə yaxın vətəndaşa torpaq sahələri və fərdi evlərə dair dövlət reyestrindən çıxarışlar verilib. 100-ə yaxın vətəndaşdan əvvəlki illərdə verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri və digər mülkiyyət hüququnu təsdiq edən sənədlər də çıxarışla əvəz olunması məqsədilə qəbul edilib.
İndiyədək kampaniya Saatlı, Şəmkir, Abşeron, Cəlilabad, Qəbələ, Şəki, Göygöl, Masallı, Zaqatala və Beyləqanda aparılıb. Kampaniyadan bu günədək ümumilikdə 3300-ə yaxın vətəndaş faydalana bilib.
Kampaniyadan əlavə, mobil ofis xidmətləri çərçivəsində vətəndaşlara digər qeydiyyat xidmətləri də göstərilir. Belə xidmətlər fərdi həyət evi, mənzillər, bağ evlərinin, torpaq sahələrinin, qeyri-yaşayış obyektlərinin ilkin və təkrar qeydiyyatı, daşınmaz əmlaka dair plan-sxemin, texniki pasportların tərtibi, daşınmaz əmlakın yüklüyünə dair arayışların verilməsi ilə bağlıdır.
İLHAMƏ