Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Tacikistanın ölkəmizdəki səfirini qəbul edib.
DMX-dən Trend-ə bildiriblər ki, görüşdə Xidmətin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev və Tacikistanın ölkəmizdəki səfiri Zohir Saidov əvvəlcə Azərbaycanla Tacikistan arasında mövcud dostluq münasibətlərinə toxunub, Azərbaycan ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əlaqələrdən danışıblar.
F.Nəbiyev səfiri Azərbaycan Miqrasiya Məcəlləsində öz əksini tapmış müvafiq prosedurların - əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatının, ölkə ərazisində yaşamalarının əsaslarının və müddətlərinin, iş icazələrinin verilməsinin, nəzərdə tutulmuş digər müvafiq normaların tətbiqinin sadələşdirilməsi, eləcə də miqrantların hüquqlarının qorunmasının daim diqqətdə saxlanılması barədə məlumat verib.
Tacikistanın ölkəmizdəki səfiri Z.Saidov isə verilən məlumatlardan məmnunluğunu ifadə edib, Azərbaycanın miqrasiya qanunvericiliyinin mütərəqqiliyini xüsusi vurğulayıb. Diplomat son illər Azərbaycanda aparılan quruculuq işlərindən danışıb, təmsil etdiyi ölkənin vətəndaşlarının respublikamıza xüsusi maraq göstərdiyini deyib. Səfir mükəmməl qanunvericilik bazası əsasında müraciət edənlərə peşəkar xidmət göstərən mobil bir qurum kimi DMX-nin fəaliyyətinin Azərbaycana səfər edən Tacikistan vətəndaşları tərəfindən də rəğbətlə qarşılandığını söyləyib.
Görüşdə respublikalar arasında miqrasiya sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.