22 May 2014 16:23
4 207
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi iyun ayında paytaxtın ümumtəhsil məktəblərində çalışan müəllimlərin Sınaq Qiymətləndirilməsini keçirəcək. Sınaq Qiymətləndirilməsi diaqnostik tədqiqat xarakteri daşıyır və müəllimlərin attestasiyasına hazırlıq məqsədi daşıyır.

Sınaq Qiymətləndirilməsi 3 istiqamətdə - fənn, metodika, kommunikativ qabiliyyətə dair sorğu əsasında aparılacaq.

Teleqraf.com-a verilən məlumata görə, sınaq qiymətləndirməsi ilə bağlı bəzi məktəblərdə müəllimlərə suallar paylanıb. Bakıdakı 237 saylı məktəbin adının açıqlanmasını istəməyən pedaqoqlarından biri deyib ki, bütün fənn müəllimlərinə eyni standartda paylanan 81 sual hər müəllimə 1 manatdan satılıb.

Müəllimlər isə sualların çətin və anlaşılmaz dildə tərtib olunmasından narahatdırlar.

Suallardan bir neçəsini təqdim edirik:

“Təlim standartlarına uyğunluq, mübahisəli faktların olmaması, faktların dəqiqliyi, orfoqrafik durğu işarələri və qrammatik qaydaların gözlənilməsi dərsliyə verilən hansı tələbin xüsusiyyətləridir?

Nəzəri materiallar, praktik materiallar, təsviri materiallar və qiymətləndirmə materiallarının olması dərsliyə verilən hansı tələbi xarakterizə edən xüsusiyyətlərdir?

Müəllim şagirdlərə “Mənim ailəm” mövzusunda şifahi mətn qurmağı tapşırdı, hansı dərketmə üsuluna aid olan şagird bu tapşırığın icrasında daha uğurlu nəticə göstərə bilər?

Harvard-Qardner nəzəriyyəsinə görə dərketmənin neçə üsulu var?”

Bu kimi sualları qəliz hesab edən müəllimlər SQ-dən keçməməkdən narahatdır: “Bizim aqibətimiz necə olacaq? Mən 30 ilin müəllimiyəm, 270 manat maaş alıram, bu qiymətləndirmədən keçməsəm, işdən atılacam, ya maaşım kəsiləcək? Müəllimlər sualların qəlizliyindən narazıdır. Dərsliklər də, kurikulum da, bu suallar da sanki başqa dildən tərcümədir. Ona görə də müəllimlər imtahan olan gün aksiya keçirmək niyyətindədir. Biz belə qəliz suallı imtahanı boykot edəcəyik!”.

Teleqraf.com-un əməkdaşı məsələ ilə əlaqədar Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) mətbuat xidmətinin rəhbəri ArzuTarıquliyeva ilə əlaqə saxlayıb.

Arzu Tarıquliyeva bildirib ki, nə BŞTİ, nə də Təhsil Nazirliyi SQ ilə əlaqədar suallar paylanmayıb: “Ümumiyyətlə, müəllimlərə suallar paylanması nəzərdə tutulmayıb”.

SQ-də zəif nəticə göstərən və ya imtahandan keçməyən müəllimlərə gəlincə, Arzu Tarıquliyeva deyib ki, SQ-dən keçməmə anlayışı yoxdur: “Çünki burada hər hansı bir keçid minimumu müəyyənləşdirilmətib. Aşağı nəticə göstərmiş müəllimlərimizin peşəkarlıq səviyyəsinin qaldırılması üçün müxtəlif mexanizmlər tətbiq ediləcək”.

BŞTİ rəsmisi onu da bildirib ki, müəllimlərə aid olmayan bütün məsələlər, http://bakuedu.gov.az saytında sual-cavab bölümündə aydınlıq gətirilə bilər.

SEVİL


Müəllif: