Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində mayın 17-də Bakıda “Sülh ağacı” abidəsinin açılış mərasimi olub.
Trend-in məlumatına görə, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva, UNESCO-nun baş direktoru xanım İrina Bokova və III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün Bakıya gələn bir sıra qonaqlar mərasimdə iştirak ediblər.
Birinci xanım Mehriban Əliyeva, UNESCO-nun baş direktoru İrina Bokova, BMT-nin baş katibinin ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasser və abidənin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser “Sülh ağacı”nın üzərindəki örtüyü götürdülər.
Bürüncdən hazırlanan “Sülh ağacı” abidəsi Dövlət Bayrağı Meydanının yaxınlığında, Yeni Bulvarın ərazisində yerləşir. Bu abidə təbiətdən ilhamlanaraq sevgi və ümid dolu əllər kimi səmaya doğru ucalır və sülhü, tolerantlığı simvolizə edir.
“Sülh ağacı”, həmçinin UNESCO-nun tolerantlıq, sülh rəmzi hesab olunur. Bu abidə ictimai yerlərdə insanları sülh haqqında düşünməyə çağırır, tolerantlıq və sülhü gündəlik dialoqumuzun bir hissəsinə çevirir. “Sülh ağacı” xalqlar arasında anlaşma rəmzi kimi qəbul olunur, münaqişələri həll etməyi, dünyada sülhü yaymağı təbliğ edir.
Mərasimdə çıxış edən birinci xanım, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva əvvəlcə qonaqları Azərbaycanda salamlayıb:
"Bu gün bizimlə burada olduğunuz üçün sizə təşəkkürümü bildirirəm. Mən UNESCO-nun baş direktoru xanım İrina Bokovaya və BMT-nin baş katibinin ali nümayəndəsi cənab Al-Nasserə “Sülh ağacı”nın açılış mərasimində bizimlə birlikdə iştirak etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm".
Mehriban Əliyeva bildirib ki, Bu abidə UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser tərəfindən yaradılıb:
"Onun bütün işlərində sülh, tolerantlıq və xeyirxahlıq idealları öz əksini tapır. Mən əziz dostum xanım Serə təşəkkürümü bildirmək istəyirəm.
Çox şadam ki, bu gözəl incəsənət əsəri paytaxtımızın ən cazibədar yerlərindən olan Bakı Bulvarının bir hissəsinə çevrilib".
Mehriban Əliyeva vurğulayıb ki, sivilizasiyalar və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan müxtəlif dinlərin, etnik qrupların və mədəniyyətlərin nümayəndələrinin həmişə sülh, əmin-amanlıq, tolerantlıq şəraitində birgə yaşadığı məkanı olub:
"Bu münasibətlər qarşılıqlı hörmət və anlaşmaya əsaslanır. Əsrlər boyu burada çoxmillətli cəmiyyət formalaşıb və bu gün biz tolerantlığın belə bir dəyərli ənənəsinə malik olmağımızdan qürur hissi duyuruq".
Mehriban Əliyeva vurğulayıb ki, müasir Azərbaycan beynəlxalq səviyyədə mədəniyyətlərarası dialoqun təbliğinə çox böyük töhfə verir:
"Bu əhəmiyyətli prosesi təmin etmək məqsədilə ölkəmiz bir çox addımların təşəbbüskarı olub. Azərbaycan Beynəlxalq Humanitar Forum, Dünya Dini Liderlərinin Zirvə Görüşü kimi yüksək səviyyəli tədbirləri təşkil edir. Ötən il Azərbaycanda ilk Beynəlxalq Multikulturalizm Mərkəzi yaradılıb. Sabah biz hamımız birlikdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışını edəcəyik. Mən ümid edirəm ki, bütün müzakirələr, görüşlər, fikir və ideya mübadiləsi xalqlar, millətlər və ölkələr arasında qarşılıqlı anlaşmanın dərinləşməsinə xidmət edəcək.
Hörmətli dostlar, rəmzi məna daşıyan bu “Sülh ağacı” abidəsi kimi hamımızın torpaqdakı köklərimiz eynidir. Qəti əminəm ki, biz ümumi dünyamızı, sülh və dostluq kimi dəyərləri qorumaq üçün əlimizdən gələni edəcəyik. Bildiyiniz kimi, tarixdə ilk Avropa Oyunlarının açılışı ərəfəsindəyik. Mən fürsətdən istifadə edərək, hamınızı bütün Avropanı sülh və dostluq naminə birləşdirəcək bu tarixi tədbirdə iştirak etməyə dəvət edirəm.
Sizi bir daha salamlamaq istərdim və bütün qonaqlarımıza Azərbaycana “Xoş gəlmisiniz!” deyirəm. Sizə xoş səfər və çoxlu uğurlar arzulayıram. Sağ olun".
Sonra UNESCO-nun baş direktoru İrina Bokova çıxış edərək İçərişəhəri ilə məşhur olan paytaxt Bakıda “Sülh ağacı”nın açılışında iştirak etməkdən böyük məmnunluq duyduğunu diqqətə çatdırıb:
"Mən birinci xanım Mehriban Əliyeva ilə bu mərasimdə iştirak etməkdən böyük şərəf hissi duyuram. Çünki Mehriban xanım UNESCO-nun məhz şifahi ənənələr və musiqi ənənələri üzrə xoşməramlı səfiridir. Eyni zamanda, onun UNESCO-ya verdiyi dəstək xüsusi olaraq dəyərlidir. Biz bu il təşkilatımızın 70-ci ildönümünü qeyd edirik.
Hesab edirəm ki, qarşılıqlı hörmət, bərabərlik və anlaşma əsasında bütün dünyada dialoq və fikir mübadiləsi naminə yeni körpülərin salınması məqsədilə Mehriban xanımın bu işlərə sadiqliyi Azərbaycan rəhbərliyinin müdrikliyini nümayiş etdirir. Mən, həmçinin xüsusi vurğulamaq istəyirəm ki, səfir Nassir Abdüləziz Al-Nasserlə birlikdə sabah Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında birgə iştirak edəcəyik".
İrina Bokova bildirib ki, mühüm dəyərləri özündə əks etdirən bu Forum Azərbaycanın qədim tarixi kökləri olan adət-ənənələrinin və mədəniyyətinin təzahürüdür.
UNESCO-nun baş direktoru Azərbaycanın qeyri-maddi mədəni irsi haqqında danışıb, Məhsəti Gəncəvinin poeziyasından bəzi misraları söyləyib. O bildirib ki, “Sülh ağacı” da Məhsəti Gəncəvinin yazdığı əsərlərin ruhunu əks etdirir.
Bu cür abidələrin dünyanın bir çox ölkələrində açıldığını qeyd edən İrina Bokova belə tədbirlərin UNESCO üçün sülh, dialoq, barışıq anı olduğunu vurğulayıb. UNESCO ilə Azərbaycan arasında əməkdaşlıqdan danışan qurumun baş direktoru bu tədbiri təşkil edənlərə minnətdarlığını bildirib.
Daha sonra “Sülh ağacı” abidəsinin müəllifi, UNESCO-nun “Sülh naminə incəsənət xadimi” Hedva SER çıxış edərək bildirib ki, bu gün onun həyatımda çox vacib bir gündür:
"Mən bu gün Azərbaycanda “Sülh ağacı” abidəsinin açılışında iştirak edirəm. Böyük şərəf hissi duyuram ki, Mehriban xanım Əliyeva məni məhz incəsənəti və sülhü özündə əks etdirən belə gözəl bir bağda bu “ağac”ın açılışında iştiraka dəvət edib. Daha yaxşı dünyanın qurulması hər zaman mənim əsərlərimdə, yaradıcılıq fəaliyyətimdə çox mühüm əsas olub. Eyni zamanda, “Sülh ağacı” abidəsinin yaradılmasında da məhz həmin məqsəd əsas yer tutub. Son bir neçə il ərzində sülhün hər yerdə təşviq edilməsi konsepsiyası, incəsənət vasitəsilə bunun daha da inkişaf etdirilməsi bizi bu abidənin yaradılmasına sövq edib. “Sülh ağacı”nın yaradılması bir çox humanizm dəyərlərinin təbliği, dinlər və xalqlar arasında körpülərin salınması üçün çox vacib bir təkan idi".
“Sülh ağacı”nın müəllifi əsərinin daşıdığı mənanı açıqlayaraq diqqətə çatdırıb ki, abidə xalqların sülhə çağırışını əks etdirir. Hedva Ser Azərbaycanın zəngin mədəniyyətə malik olduğunu vurğulayaraq ölkəmizdəki tolerantlıq mühitini xüsusi qeyd edib.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adınadan mərasim iştirakçılarının şərəfinə ziyafət verildi.