May 18-də AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dilin düzgün işlədilməsilə bağlı “Dövlət Proqramı”na uyğun olaraq teleradio aparıcıları və diktorlarının nitqinin inkişaf etdirilməsi məqsədilə nəzərdə tutulmuş təlim kurslarına başlanılıb.
Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri, dosent Təranə Şükürlünün Teleqraf.com-a verdiyi məlumata görə, təlim iştirakçıları Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyevlə görüşüblər. Görüşdə bu gün teleradio məkanında gedən dil məsələləri barədə fikir mübadiləsi aparılıb.
Bu proseslərin zərərli cəhətləri barədə danışan Monitorinq şöbəsinin müdiri professor Qulu Məhərrəmli dilin normalarının qorunmasında teleradio əməkdaşlarının önəmli rolundan söhbət açıb. O qeyd edib ki, bəzi televiziyada xəbər və radio aparıcılarının, diceylərin nitqində narahatlıq doğuran məqamlar var. Təlimin məqsədi həmin mənfi məqamları aradan qaldırmaqdır.
Təranə Şükürlünün sözlərinə görə təlim çərçivəsində ilk dərsləri KİV sahəsində araşdırmaları ilə tanınan dilçi mütəxəssislər Sevinc Məmmədova və Aytən Bəylərova aparıblar. Təlim prosesində MTRŞ və Dilçilik İnstitutunun keçirtdiyi monitorinqlərin nəticələri də müzakirə olunub və konkret nümunələr nəzərdən keçirilib. Qeyd edək ki, təlimlər 2 həftə davam edəcək.
SEVİL