19 May 2015 17:18
1 103
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Alov qüllələrinin, Qız Qalasının, Azərbaycan bayrağının "şirin maketləri" sərgilənir

Mayın 15-də Mədəniyyət və Turizm Nazirliyi ilə Muzey Mərkəzinin təşkilatçılığı əsasında Bakıda Nikolay Popovun "Nikolya" şokolad muzeyi sərgisi başlayıb. Bu barədə oxucularımıza ətraflı məlumat vermək üçün sərgi keçirilən ünvana yollandıq.

Qız Qalası, Eyfel qülləsi...

Sərginin meneceri Sabir Cəfərovun sözlərinə görə, şokoladdan düzəldilmiş əşyaları, fiqurları, rəsmləri Nikolay Popov hazırlayır: "Hər birinin ərsəyə gətirilməsi xeyli vaxt aparır. Dünyanın bir çox ölkələrində bu şokolad məmulatları sərgilənib. "Nikolya" şokolad muzeyi sərgisinə 5 il ərzində 500 mindən çox adam tamaşa eləyib. Bu məşhur sərgi dünya turu çərçivəsində 40-dan çox ölkədə nümayiş olunub.

Azərbaycanda ilk dəfə baş tutur. Burada gördüyünüz bütün şokoladlar əl işidir.

200 kvadratmetrlik salonda keçirilən sərgidə ümumi çəkisi 700 kiloqramdan artıq, 250-dən çox çeşiddə yüksək keyfiyyətli şokolad məmulatı, o cümlədən şokolad tablolar, miniatürlər, kompozisiyalar, heykəlciklər, rəsmlər nümayiş etdirilir. Sərgiyə gələnlərin əksəriyyəti şokolad portretləri, maketləri yemək istəyirlər. Biz də qırılan şokoladları veririk, qoy dadına baxıb inansınlar ki, həqiqətən, bunlar şokoladdan hazırlanıb".

Menecer deyir ki, şokolad ustası Qız Qalasının şirin maketini hazırlamağı da unutmayıb: "Maketin tərkibi təmiz şokoladdır. Hazırlıq işlərinə iki həftə vaxt sərf edilib. İçinə peno-plastır qoyulub. Onun üzəri qalın qatla örtülüb. Bunun üçün 65 kiloqram tünd şokoladdan istifadə edilib. Bizdə bir şokolad 5 kiloqram, qalınlığı 5 santimetr, uzunluğu 15-20 santimetr olur. Bu maketə 15 kiloqram şokolad sərf edilib.

Əgər Qız Qalası tam şəkildə şokoladdan hazırlansaydı, 300 kiloqram ağırlıqda olacaqdı. Bundan əlavə, sərgidə Azərbaycan bayrağının, Alov və Eyfel qüllələrinin də maketi nümayiş olunur".

"Şokoladların dadına baxmaq istəsəm də..."

Sərginin ziyarətçisi Nuranə Quliyeva deyir ki, şokoladı çox sevdiyi üçün gəlib: "Marketlərdə, adətən, xoşuma gələn, dadlı şokolad görəndə mütləq alıram. Sərgiyə də maraqlı olacağı fikri ilə gəlmişəm. Hər şeyin dadına baxmaq istərdim, amma təbii ki, bu, mümkün deyil, icazə vermirlər. Seyrçilər yalnız damla şəklində olan şokoladları dada bilər. Burda çox şeylər xoşuma gəldi. Sərgidə bizim tarixi yerlərimizi unutmadıqları üçün onların müəlliflərinə də, təşkilatçılarına da təşəkkür düşür".

Menecersə deyir ki, şokoladları günün qabağına qoymadan, 25 dərəcə temperaturda 6 ay saxlamaq mümkündür: "Bu şokoladları soyuducuya qoymaq olmaz. Çünki soyuducuya qoyduqda üstünü buz örtür. Kənardan bilinməsə də, tərkibinə ziyandır. Burdakı şokoladların üzəri qızılı və qəhvəyi rəngə boyanıb. İstənilən vaxt çantaya qoyub neçə saat istəsəniz, gəzdirə bilərsiniz. Bunlar ərimir".

Qeyd edək ki, hər bir ziyarətçiyə bir neçə növ şokoladın dadına baxmaq və rəy yazmaq imkanı təşkil olunub.

I Avropa Oyunlarına həsr edilmiş şokolad

Sabir Cəfərov deyir ki, sərgidəki əl işlərini almaq da mümkündür: "İnsanlar istədikləri görünüşün, mənzərənin şokoladdan hazırlanması üçün müraciət edə bilərlər. Amma bunun tezliklə başa gələcəyini düşünmək lazım deyil, sifariş verib gözləməlisən. Çünki şokoladların hazırlanması xeyli vaxt aparır. Müştərilər daha çox hədiyyəlik maketlərdən ötrü müraciət edir, arzuladıqları fiquru düzəltdirir və alırlar. Daha çox şirkətlər müraciət edirlər".

Menecer qeyd etdi ki, Nikolay Popov xüsusi texnologiya ilə hazırlanmış eksklüziv şokolad-suvenir məmulatlarını təqdim edəcək ki, bunlar sərginin gedişində reallaşdırılacaq: "Sərgi müddətində dünyada ən böyük - çəkisi 200 kiloqram olan şokolad tablosu təqdim olunacaq. Bu əsəri müəllif "Bakı-2015" I Avropa Oyunlarına həsr edib".

Xatırladaq ki, müəllif öz əlləri ilə şokolad hazırlamaq istəyənlərə ustad dərsi də keçəcək.
Muzeyin birinci mərtəbəsində isə şokoladların satışı təşkil olunub.

İki manatdan başlayan qiymətlər

Satıcı İlhamə Bayramova deyir ki, müştərilər daha çox kiçik maketlərə üstünlük verirlər: "Burada 2 manatdan tutmuş120 manata qədər müxtəlif şokoladların satışını təşkil etmişik. Sərgiyə gələnlər daha çox damla şokoladları və müxtəlif atributları, bürcləri alırlar. Onların qiyməti 2 manatdır. 5 kilosu 120 manat olan şokoladlara hələlik tələbat yoxdur. Sərgi təzə başlayır, yəqin, onlara da tələbat olacaq"

Mahmud Rəsulov deyir ki, daha çox Eyfel qülləsi, bir də portretlər xoşuna gəlib: "Mən daha çox qara şokoladı bəyənirəm. Nəvələrim üçün isə damla, müxtəlif atributlar olan şokoladlar alıb aparıram. Qiymətlər o qədərdə ürək açan deyil. Məsələn, 2 kiloluq şokolad paketini 70 manat qoyublar. Onu almağa pulum çatmır".

Sərgi iyunun 28-dək davam edəcək. Biletlərin qiyməti böyüklər üçün 7 manat, məktəb yaşlı uşaqlar üçün 3 manatdır. 6 yaşa qədər uşaqlara giriş pulsuzdur. Çoxuşaqlı ailələr və 15 nəfərə qədər qruplara endirim nəzərdə tutulub.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər