Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları üçün “Tranzitə Dair Milli Seminar” öz işinə başlayıb.
DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirin açılış mərasimində DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov, ÜGT-nin eksperti Toshi Osava və Almaniya Gömrük xidmətinin əməkdaşı, ÜGT-nin eksperti xanım Dominik Janssens çıxış edərək seminarın təşkilinə görə Ümumdünya Gömrük Təşkilatı və Dövlət Gömrük Komitəsi rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Çıxışlarda vurğulanıb ki, Azərbaycan müxtəlif nəqliyyat vasitələrinin istifadə olunduğu mühüm tranzit xəttlərinin üzərində yerləşir və tranzit əməliyyatlarının həyata keçirilməsi üçün vacib olan beynəlxalq konvensiyaların üzvü olaraq bu sahədə daim öz töhfələrini verir. Azərbaycanın bu sahədə artıq xeyli təcrübəyə malik olduğu və seminarın gedişində Azərbaycan gömrük əməkdaşlarının əldə olunan yeni məlumatları tam mənimsəyərək onların tətəbiqinə və tranzit əməliyyatlarının daha da asanlaşdırılmasına səy göstərəcəkləri bildirilib.
Daha sonra effektiv tranzit əməliyyatlarının təkmilləşdirilməsinin və sürətləndirilməsinin ticarətin asanlaşdırılmasında vacib rol oynadığı xüsusilə vurğulanaraq bu sahədə Avropa təcrübəsinin öyrənilməsinin əhəmiyyətindən bəhs olunub.
Seminarın gedişində ÜGT-nin və DGK-nın ekspertləri “Ticarətin Asanlaşdırılması Sazişi və ÜGT alətləri”, “Tranzit üzrə milli qanunvericilik”, “Məlumat mübadiləsi sistemi”, Zəmanət Sistemi”, “Gömrük möhürləri və təhlükəsizlik tədbirləri”, “ Dənizə çıxışı olmayan ölkələrin problemləri” mövzusunda təqdimatlarla çıxış edəcəklər. Seminar 3 gün davam edəcək.
Naibə QURBANOVA