Bu gün 1905.az portalının ofisində türkiyəli professor Orxan Doğanın qələmə aldığı “Barış bəyin əhvalatı: Panika pozuntusu” adlı kitabının təqdimat mərasimi keçirilib.
Teleqraf.com-un məlumatına görə, 1905.az portalının rəhbəri Fuad Babayev təqdimat zamanı bildirib ki, portal ilk dəfə olaraq belə bir kitabı nəşr edir. Onun sözlərinə görə, O.Doğan hər zaman internet resursu ilə əməkdaşlıq edib: “Biz onun psixiatriya sahəsində peşəkar həkimlərdən olduğunu bilirdik. Lakin elmi əsərlərindən fərqli olaraq bu kitabı ilə tanış olduqdan sonra qərara gəldik ki, Azərbaycanda da bunu nəşr edək. Kitabın məsləhətçisi tibb elmləri doktoru Nadir İsmayılovdur”.
Dünən Binəqədi rayonunda yanan 16 mərtəbəli bina ilə bağlı fikirlərini bölüşən F.Babayev panika mövzusu və onunla mübarizə məsələlərinin cəmiyyət üçün əhəmiyyətli olduğunu dilə gətirib.
Kitabın müəllifi O.Doğan özü haqqında məlumat verərək, 34 ildir ki, Türkiyədə həkim olaraq fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, psixiatrlar, psixoloqlar xalqa xidmət göstərməklə yanaşı, həm də onları məlumatlandırmaqda məsuliyyətlidirlər. Müəllif qeyd edib ki, stress keçirən hər adamın mütləq mənada onun əsarətinə düşməsi, hər hansı psixi pozuntusunun olması elə də vacib deyil:
“Stress genetik, biokimyəvi, vahiməyə qarşı həssaslıq, insanın xarakteri və s. kimi amillərlə birləşdikdə psixi pozuntunun baş vermə ehtimalı da artır. Bunlardan biri də panika pozuntusudur. Türkiyədə panika pozuntusunun müşahidə olunma rəqəmi bir-iki milyon yarım arasında dəyişir. Buna görə də əhalinin sağlamlıqla bağlı ciddi bir problemi kimi də qiymətləndirilə bilər. Bu kitab təkcə nəzəriyyə və texniki məlumatların toplandığı bir kitab deyil. Kitab əsasən psixi sağlamlıq və xəstəliklər üzrə mütəxəssislərin məsləhəti və nəzarəti altında panika pozuntusu olan insanların və onların qohumlarının öz-özlərinə necə kömək etməsindən bəhs edir. Bildiyim qədəri ilə Türkiyədə olduğu kimi Azərbaycanda da belə ədəbiyyatlar yoxdur. Əminəm ki, bu kitab oxuyan hər kəs üçün əhəmiyyətli olacaq”.
BƏXTİYAR