20 May 2015 23:49
1 212
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə il öncə Böyük Britaniyadan olan Tomas Stiven adlı təcrübəli jurnalistin Bakıda KİV nümayəndələri üçün keçirilən seminarda çıxış etdiyi mövzu üzrə misal gətirərkən işlətdiyi bir ifadə dinləyicilər arasında narazılıq doğurdu. Məruzəçinin “axmaq azərbaycanlı” ifadəsi jurnalistlərin xoşuna gəlmədi və yerindəcə iradlar dilə gətirildi. Tomas Stivenin jurnalistlərin acıqlı reaksiyasına münasibəti maraqlı oldu. Bildirdi ki, Böyük Britaniyada heç bir jurnalist, gənc “axmaq ingilis” sözünə sizin kimi reaksiya verməz.

Təcrübəli jurnalist ehtimalla bildirdi ki, çətinliklə müstəqilliyə qovuşmuş ölkələrdə milli mənlik hisləri və ya milli mənəvi dəyərlər güclü olur. O qədər güclü olur ki, bu hislər insanların əxlaqında özünə yer tutur. Tomas Stiven Londona qayıdandan sonra Azərbaycan jurnalistlərindəki milli hislər barədə yazmışdı və bunu öz ölkəsinin peşəkar media nümayəndələrinə nümunə kimi göstərmişdi. O, yazısında qeyd edirdi ki, milli-mənəvi dəyərlər nə peşəkarlığa, nə də müasirliyə kölgə salır. Bunun hətta var-dövlətlə də heç bir əlaqəsi yoxdur. “Aylıq gəliri 10 min manat olan ingilis asanlıqla 15 min manat maaş təklifi qarşılığında Böyük Britaniyaya qarşı düşmən münasibətdə olan ölkənin mətbuatında çalışmağa razı olar. Amma azərbaycanlılar bunu etməz. Etsələr də, qınağa tuş gələrlər”.

Məşhur amerikalı sosioloq Samuel Hantinqton "Biz kimik? Amerika milli kimliyinə çağırışlar" əsərində qeyd edir ki, milli mənlik şüurunun formalaşmasında milli-mənəvi dəyərlərə sadiqlik mühüm rol oynayır. Bu anlayış təkcə siyasi deyil, həm də mənəvi əxlaqi kateqoriyaya aiddir. Sosioloqa görə, qloballaşan dünyada milli dəyərləri qorumaq nə qədər çətin olsa da, bir o qədər vacibdir: «Postmodernizm və kosmopolitzmin mövcudluğu şəraitində insanların milliliyini itirməməsi iradə, əzmkarlıq, yüksək intellektual səviyyə tələb edir. Axı insanların heç də hamısı liberal iqtisadi, siyasi və mədəni sistemdə milli kimliklərini qorumaq gücündə deyil. Deməli, biz amerikalı gənclərə milli mənlik şüurunu formalaşdırmaqla yanaşı, ayrı-ayrı situasiyalarda onu qorumağı yollarını öytətməliyik».

Azərbaycanlının milli-mənəvi dəyəri və müasirliyi arasındakı paralellər

Eyni sözləri azərbaycanlılar üçün də demək mümkündür. Ölkəmizdə milli dəyərləri yaşatmaq üçün ilk növbədə milliyətçiliyin mahiyyətini, fəlsəfəsini açmaq gərəkdir. Əks təqdirdə milli dəyərlər və müasirlik anlayışları arasında uçurumu dərinləşdirə bilər. Bu kimi problemləri nəzərə alaraq mərhum prezident Heydər Əliyev hər iki anlayışı özündə ehtiva edən azərbaycançılıq ideologiyasını gündəmə gətirdi.

Qeyd etdiyimiz kimi milli-mənəvi dəyərlər milli mənliyin formalaşmasında da mühüm rol oynayır. 19-cu əsrin əvvəllərində Avropada insanların milli kimliklərini qorumaq və azadlıq uğurunda apardıqları mübarizədən sonra dünayda bu sahədə durğunluq yaranmışdı. Ruanda, keçmiş Yuqoslaviya ölkələrində baş qaldıran milli mübarizə hərəkatları milliyyətçiliyi yenidən gündəmə gətirdi. Milli mənlik ilk baxışdan fərdiçilik anlamını versə də, bu, əslində toplumun digər toplumlardan fərqlənməsi, özəlliyidir. Dünyada amerikalı, fransız, alman və s. ayrı-ayrı millətlərdən olan insanların modeli olduğu kimi azərbaycanlıların da modeli olmalıdır. Başqa sözlə ifadə etsək, azərbaycanlını digər millətlərin nümayəndələrindən fərqləndirən pozitiv cəhətlərin olması vacibdir. Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin «İnkişafın Azərbaycan modeli» kitabında həmçinin Azərbaycan vətəndaşının, gəncinin cizgiləri öz əksini tapıb. Hər bir azərbaycanlının milli mənliyində ilk olaraq vətənpərvərlik, intellektuallıq, müasirlik, yaşlı nəslə hörmət, özündən kiçiklərə qayğı, tarixə, dövlətçiliyə bağlılıq kimi nüanslar prioritet olmalıdır. Burada şəxsin etnik kimliyi əhəmiyyət kəsb etmir. Əsas məsələ insanın yuxarıda qeyd olunan keyfiyyətləri özündə daşımaqla azərbaycanlı kimi davranmasıdır.

Milli-mənəvi dəyərlərin yaşadılmasında vacib komponentlər

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin sözlərinə görə, milli-mənəvi dəyərləri yaşatmaq istəyən insan öz keçmişinə, mədəniyyətinə, dininə və s. dəyərlərə hörmətlə yanaşmalı, onu yaşatmalıdır: «Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşması, gənclərin ictimai fəallığının artırılması və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsi dövlətin qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycanda gənclər sahəsində intensiv və uzunmüddətli inkişaf, təhsil proqramları həyata keçirilir. Məsələn, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı qəbul edilib və bu proqram da çox effektiv şəkildə həyata keçirilir. Sözügedən proqram çərçivəsində həyata keçirilən ən uğurlu layihələrdən biri Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasıdır. Biz yeniyetmə və gənclərin vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onların sağlamlığının qorunması, ekoloji mühitin mühafizəsi, mədəniyyət və incəsənətin inkişafı, milli ədəbiyyatın təbliği, milli mətbəxin tanıdılması, gənclərin sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi, ictimai davranış qaydalarının təbliği, xüsusi qayğıya ehtiyacı olan gənclərin cəmiyyətə inteqrasiyası, insan alverinə və erkən nikahlara qarşı mübarizə, region gənclərinin ictimai fəallığının artırılması kimi sahələri dəstəkləyirik. Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər tərəfindən əsası qoyulmuş və bu gün müvəffəqiyyətlə həyata keçirilən dövlət gənclər siyasətinin uğurlu icrası nəticəsində gənclər üçün prioritet olan sahələrdə müsbət dəyişikliklər baş verib. Azərbaycan gəncliyinə göstərilən dövlət dəstəyi və qayğısının bariz nümunəsi kimi Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun fəaliyyətini misal göstərmək olar. İstəyimiz odur ki, Azərbaycanın hər bir vətəndaşı ölkə problemlərinin həllinə nə dərəcədə qadir olduğunu düşünsün. Hər biri gələcək üçün cavabdehlik daşıdığını hiss etsin və kiminsə gəlib onun yerinə hər şeyi həll etməsini gözləməsin».

Sosioloq Rafiq Təmrazov hesab edir ki, Azərbaycan insanını digərlərindən fərqləndirən cəhətlər çoxdur: «Azərbaycan vətəndaşı universaldır. O, həyatın bütün sahələrindən, mədəniyyətdən, siyasətdən, idmandan, hərbidən milli və bəşəri dəyərlərdən məlumatlıdır. Mənəvi və elmi cəhətdən zəngin olan azərbaycanlını fərqləndirən digər mühüm cəhət onun vətənpərvərliyi, dövlətçiliyə sadiqliyidir. Məşhur bir deyim var. Amerikalılar pul, ərəblər din üçün, ruslar komandirlərinin qorxusundan, avropalılar var-dövlətlərini artırmaqdan ötrü müharibə edirlər. Azərbaycanlılar isə öz haqqı, torpağı, bayracı uğrunda döyüşür, şəhid olur. Ölkəmizin müharibə şəraitində olması, işğal faktının hələ də davam etməsi Azərbaycanın vətənpərvər övladlarının olmasını zəruri edir. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir. Gənclərdə milli mənlik şüurunun formalaşması üçün onlarım tarixi dəyərlərimizə sahib çıxmaları vacibdir. Milli dəyərlərimiz milli mənliyin formalaşmasında ilk addımdır. İnsan bağlı olduğu tarixi kökü, milli mənsubiyyətini, vətəninin tarixini bilməlidir. Hər bir vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli və dini xüsusiyyətləri təmsil edir. Əxlaqi dəyərlər üzərində qurulan milli mənlik keçilməz qalaya bənzəyir. Milli mənlik şüuru yeniyetməlik və gənclik dövründə xüsusilə formalaşan bir məfhumdur».

Sosioloqa görə, millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun elementləridir: «Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar halında özünü göstərir.

İnsan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır».

Mənəvi dəyərlərə söykənməyən müasirliyin fəsadları

Sonda qeyd edək ki, milli mənlik şüuru ictimai şüurdan kənarda mövcud ola bilmir. Mənlik şüuru insanı düzgün istiqamətə, məqsədyönlü fəaliyyətə yönəldir. Milli mənlik insanın sosial məsuliyyətini artırır. Bu, cəmiyyətdə insanın mövqeyinin möhkəmlənməsinə kömək edir.

XX yüzilliyin əvvəllərində Ə.Ağaoğlu öz əsərlərində milli şüurun və milli dərketmənin olmamasını türk xalqlarını bir-birindən təcrid edən, onların yaxınlaşmasını çətinləşdirən bir amil kimi demişdir: «Daim dini mübahisələrlə məşğul olan və həmişə özgələrin hakimiyyəti altında yaşayan adamlar arasında milli şüur və milli özünüdərk necə yarana bilər?».

Əgər bu gün Qarabağ torpaqları düşmən əlindədirsə, onda bizim milli şüurdan danışmağa mənəvi haqqımız çatmır. B.Vahabzadə göstərir ki, Vətən əxlaqı güclü olmasa, biz nə müstəqilliyimizi, nə azadlığımızı və nə də bütövlüyümüzü qoruya bilərik. Vaxtilə bu fikri Böyük Atatürk də söyləmişdir: «Milli şüur, hər şeydən öncə, müstəqillik şüurudur. Düşmən süngüsü altında milli birlik olmaz».

B.Vahabzadə sovet illərində qələmə aldığı «Vicdan, namus və ləyaqət» adlı məqaləsində yazır: «İnsanlıq ləyaqətini addımbaşı alçaldan sovet rejimində - qorxu və repressiyanın hökm sürdüyünü bir zamanda hansı ləyaqətdən, hansı vicdandan, milli-mənəvi dəyərlərdən və müasirləşməkdən söhbət gedə bilər? Odur ki, insanlığa xas olan üç sifət - vicdan, namus və ləyaqət ilk növbədə cəmiyyət tərəfindən qorunmalı, yalnız bundan sonra ayrı-ayrı fərdlərdən umulmalıdır”.

Milli-mənəvi dəyərlərə hörmət qoymayan şəxsin müasir olması mümkün deyil. Bu, kötüksüz ağaca bənzəyir. Külək onu hər an aşıda bilər».

Ruslan Xəlil

Yazı Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Azərbaycan Mətbuat Şurasının “Milli-mənəvi dəyərlər və müasirlik”mövzusunda keçirdiyi müsabiqəyə təqdim olunur.


Müəllif:

Oxşar xəbərlər