Bəhreyn Mədəniyyət naziri Şeyxə May bint Məhəmməd Əl Xəlifə Azərbaycan Xalça Muzeyini ziyarət edib.
Teleqraf.com xəbər verir ki nazir xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, adət - ənənəsi ilə yaxından tanış olan qonaq, həsirlərin, xovsuz xalça növləri olan Şəddə və Zili xalçalarının öz vətənində də məşhur olduğunu bildirib.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqda xoş təəssürat oyadıb.
Azərbaycan mədəniyyətinə böyük diqqət və maraq göstərən xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifəyə sonda, qədim çeşni əsasında muzeydə toxunmuş Qarabağın "Çələbi" xalçası, sənətşünaslıq doktoru, professor Röya Tağıyevanın Qahirədə ərəb dilində işıq üzü görmüş "Azərbaycan xalçası" kitabları və Muzeyin Sertifikatı hədiyyə edilib.
Qeyd edək ki, ərəb dilində olan kitab xanım Şeyxə May bint Məhəmməd Əl Xəlifədə böyük maraq və sevinc hissi oyadıb.
İLHAMƏ