21 May 2015 18:42
714
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmiş Bolqarıstan Respublikasının vitse-prezidenti Marqarita Popova ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, Marqarita Popova Forumdan sonra Qəbələ və Şəki rayonlarına səfər edib.
Görüşdə Əbülfəs Qarayev bildirdi ki, iki ölkə arasında mədəni əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlığın daha inkişaf etdirilməsi hər iki tərəfin marağındadır.

Marqarita Popovanın Qəbələyə və Şəkiyə səfər etməsini, ölkəmizin turizm resursları və mədəni məkanları ilə tanış olmasını müsbət dəyərləndirib.

Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Bolqarıstanın yüksək səviyyədə və geniş heyətlə təmsil olunmasından məmnunluğunu bildirən Əbülfəs Qarayev tədbir çərçivəsində bu ölkənin mədəniyyət və turizm nazirləri ilə səmərəli görüşlər keçirdiyini diqqətə çatdırıb.

Bildirilib ki, Azərbaycan və Bolqarıstan arasında mədəniyyət və turizm sahəsində hər zaman sıx əməkdaşlıq olub və bu gün də davam edir: “Bakıdakı görüşlər zamanı müəyyən razılaşmalar əldə olunub. Bu ilin sonuna qədər Azərbaycanda Bolqarıstanın mədəniyyəti günləri, gələn il isə Bolqarıstanda Azərbaycanın mədəniyyəti günləri təşkil ediləcək. Eyni zamanda iki ölkə arasında infoturların təşkili nəzərdə tutulur. Turizm şirkətlərinin işbirliyi və turizm mübadiləsi məsələləri də diqqətə alınıb”.

Bolqarıstanın vitse-prezidenti Azərbaycan bölgələrinə səfərindən zəngin təəssüratla qayıtdığını, Qəbələ və Şəkinin tarixi, mədəni məkanları, istehsal müəssisələri və turizm obyektləri ilə tanış olduğunu bildirib.

Qonaq vurğuladı ki, Mədəniyyətlərarası Dialoq Forumu dünyada sülhə, əmin-amanlığa xidmət edir. Bu, həm də Azərbaycanın dünyada qədim tarixi köklərə malik bir ölkə kimi tanınmasına əlverişli imkanlar yaradır.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər