21 May 2015 19:53
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov “Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin və dövlət büdcəsinin icrasına dair illik hesabatla bağlı Hesablama Palatasının rəyini millət vəkillərinin diqqətinə çatdırıb.

Teleqraf.com-un məlumatına görə, Vüqar Gülməmmədov rəyin müvafiq qanunvericilik aktlarına uyğun tərtib edilərək təqdim olunduğunu qeyd edərək, rəyin hazırlanması zamanı 2014-cü ilin dövlət büdcəsinin icrası üzrə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının aylıq və illik hesabatlarından, büdcə təşkilatlarının palataya daxil olan illik maliyyə və digər hesabatlar əsasında aparılmış təhlillərin nəticələrindən, eləcə də Dövlət Statistika Komitəsinin hesabat və statistik məlumatlarından və nüfuzlu beynəlxalq təşkilatlarının hesabat və tədqiqatlarından istifadə edildiyini bildirib.

Büdcənin icrasının makroiqtisadi şəraiti barədə məlumat verən palata sədri 2014-cü ilin dünya iqtisadiyyatında sistemli böhranın davam etməsi, eyni zamanda, qlobal geosiyasi eskalasiya meyllərinin kəskinləşməsi fonunda enerji daşıyıcılarının qiymətlərinin formalaşmasına siyasi faktorların təzyiqinin güclənməsi ilə xarakterizə olunduğunu, qeyd edilən meyllərin bir sıra ölkələrin iqtisadiyyatına mənfi təsir göstərməklə milli valyutalarının da əhəmiyyətli devalvasiyasına səbəb olduğunu qeyd edib.

Bildirilib ki, hesabat ilində ölkə üzrə ÜDM-in həcmi 59,0 mliyard manat, real artım tempi 2,8 faiz təşkil edib, qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi yüksəlib, ölkə üzrə uzunmüddətli hədəflərdən biri kimi müəyyən edilmiş qeyri-neft sektorunun 7 faizlik illik real artım tempinə nail olunma hədəfi ötən ildə də reallaşdırılıb, inflyasiya proqnozlaşdırılmış səviyyədən 2,5 dəfə az olmaqla 1,4 faiz təşkil edib.

2014-cü ildə dövlət büdcəsinin gəlirlərinin müəyyən edilmiş 18,4 milyard manat məbləğində proqnozunun 100,1 faiz səviyyəsində yerinə yetirildiyi, hesabat ilində əksər tədiyyə növü üzrə təsdiq edilmiş məbləğin icrasına nail olunsa da, bəzi tədiyyələr, xüsusilə yol vergisi və hüquqi şəxslərin torpaq vergisi üzrə aşağı icra səviyyəsinin müşahidə olduğu bildirilib.

Qeyd olunub ki, 2013-cü ilə nisbətən hesabat ilində vergi gəlirləri 10,1% artmış, qeyri-vergi gəlirləri 14,4% azalıb ki, bu da qeyri-vergi gəlirlərinin 87,1%-ni təşkil edən Dövlət Neft Fondundan daxilolmaların azalması hesabına baş vermiş, Azərbaycan Respublikası Dövlət Neft Fondunda dövlət büdcəsinə edilən transfertin həcmi 2013-cü ildə icra edilmiş vəsaitin 82,3%-i qədər olmaqla hesabat ilində cəmi gəlirlərdə xüsusi çəkisi 8,5 faiz bəndi azalmaqla 50,7 faiz olub.

Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində 100,0%, yerli gəlirlər isə 101,7% səviyyəsində icra edilib.

Palata sədri dövlət büdcəsinin xərclərinin 2014-cü ildə 93,3% səviyyəsində icra edildiyini qeyd edib, icra edilməyən məbləğin əsasən kommunal və kommunikasiya xidmətləri, nəqliyyat xidmətləri, digər alışlar və xidmətlər, sair xərclər, xarici dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri əhatə etdiyini diqqətə çatdırıb.

Dövlət büdcəsinin digər parametrləri ilə bağlı məlumat verən Vüqar Gülməmmədov bildirib ki, hesabat ilində dövlət büdcəsindən sosial-mədəni tədbirlərin maliyyələşdirilməsi ilə bağlı xərclər 9,9% artıb, iqtisadiyyatın maliyyələşdirilməsi ilə bağlı xərclər isə 7,4% azalıb, cari xərclərin ümumi büdcə xərclərində xüsusi çəkisi əvvəlki illə müqayisədə 4,9% artaraq 52,9%-ə çatıb, əsaslı xərclər isə 3,1% azalaraq 45,1%-ə enib.

Dövlət satınalmalarının və dövlət investisiyalarının iqtisadi inkişafa dəstək vasitəsi kimi əhəmiyyətini vurğulayaraq, palata sədri, 2014-cü ilin Dövlət İnvestisiya Proqramının əsas istiqamətləri üzrə bütün mənbələr hesabına nəzərdə tutulan vəsaitin 83,7% səviyyəsində icra edildiyini, proqram üzrə vəsaitin 80,3%-nin dövlət əsaslı vəsait qoyuluşu, 10,2%-nin xarici kreditlər və 9,4%-nin Azərbaycan Respublikasının Dövlət Neft Fondunun vəsaiti hesabına həyata keçirildiyini diqqətə çatdırıb.

Dövlət büdcəsi xərclərinin tərkibində Azərbaycan Respublikası Prezidentinin və dövlət büdcəsinin ehtiyat fondundan 2014-cü ildə icra edilmiş vəsaitin məbləği qanunvericiliklə müəyyən edilmiş müvafiq olaraq 2,0% və 5,0% limit hədlərindən aşağı olduğu bildirilib.

Vüqar Gülməmmədov “sair xərclər”in məbləğinin azaldığını, həmin xərclər üzrə müşahidə edilən azalma meylinin gələcəkdə davam etdirilməsi istiqamətində potensialın mövcud olduğunu qeyd edib, hesabat ilində dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlir və xərcləri üzrə icra səviyyəsinin aşağı olduğunu diqqətə çatdırıb.

Dövlət büdcəsi kəsirinin hesabat ili üzrə yuxarı həddinin 1679,0 mln. manat məbləğində təsdiq edildiyi, 2014-cü ilin sonuna kəsirin ÜDM-in 0,5%-i qədər olduğu qeyd edilib. Kəsirin maliyyələşdirmə mənbələrini bağlı məlumat verən Palata sədri hesabat ilində özəlləşdirmədən 32213,1 min manat məbləğində, daxili və xarici borclanmadan 1000,2 min manat məbləğində, o cümlədən 2014-cü ildə ilk dəfə olaraq xaricdə 1250,0 mln. ABŞ dolları məbləğində yerləşdirilmiş qiymətli kağızların üzrə 961,3 mln. manat məbləğində vəsaitin bu istiqamətə yönəldiyini diqqətə çatdırmışdır. İl ərzində xarici dövlət borcunun müəyyən edilmiş limitinə riayət edildiyi, daxili dövlət borcunun məbləği azalma meylli olduğu bildirilib.

Vüqar Gülməmmədov Hesablanma Palatasının rəyinin qeyd edilən istiqamətlər üzrə daha geniş təhlillərə əsaslandığını, eyni zamanda, Palatanın təkliflərinin də rəydə diqqətə çatdırıldığını deyib, palatanın Kollegiyasının 2014-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı müsbət rəyinin nəzərə alınması ilə bağlı millət vəkillərinə müraciət edib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər