Bakı Ali Neft Məktəbi ilə (BANM) “SOCAR-AQŞ” MMC arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. Teleqraf.com-un məlumatına görə, imzalanma mərasimində BANM-in və “SOCAR-AQŞ” MMC-nin rəhbərliyi, eləcə də professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
BANM-in rektoru Elmar Qasımov “SOCAR-AQŞ” ilə qurulan əməkdaşlıqdan məmnunluğunu ifadə edib, razılaşmanın “Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək səviyyəli mütəxəssislərin hazırlanmasında xüsusi rol oynayacağını qeyd edib. O, bu əməkdaşlığın BANM-in tələbələri üçün yeni təcrübə və gələcək karyera imkanları verəcəyini bildirib.
“SOCAR-AQŞ” MMC-nin baş direktoru Ramin İsayev müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verərək, BANM ilə yaradılan əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib. “SOCAR-AQŞ”nin nümayəndələri III kurs tələbələri ilə görüşüb və onların müəssisədə 2 aylıq yay təcrübəsi keçmələri üçün seçim aparıblar. Sonra BANM və “SOCAR-AQŞ” MMC arasında əməkdaşlıq haqqında müqavilənin imzalanma mərasimi olub. İmzalanan sənəd BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə zəruri maddi-texniki, elmi-metodiki və təşkilati tədbirlərin həyata keçirilməsinə imkan yaradacaq. Müqavilədə “SOCAR-AQŞ” mütəxəssislərinin müəllim kimi BANM-də fənlərin tədrisinə cəlb olunması, müvafiq xüsusi kursların təşkil edilməsi, BANM tələbələrinin və məzunlarının “SOCAR-AQŞ”də təcrübə, iş imkanları və digər məsələlər əksini tapıb.
Naibə QURBANOVA