23 May 2015 20:57
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mahirə Abbasova: "Yer adlarının seçilməsində coğrafi mövqe, tarixi köklər və dilçilik amili əsasdır"

Azərbaycanın 17 rayonunda 30-dan yuxarı kəndin və inzibati ərazi dairəsinin adının dəyişdiriləcəyi ilə bağlı məsələ bu günlərdə parlamentin Regional məsələlər komitəsinin iclasında müzakirə olunub. Komitənin sədri Arif Rəhimzadənin sözlərinə görə, bəzi kənd və inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsini nəzərdə tutan qanun layihəsi uzun müddətə formalaşıb.

Yaşayış məntəqələrindən, yerli icra hakimiyyətlərindən olunan müraciətlər Prezident Administrasiyasının müvafiq şöbəsində toplanıb, Toponimiya Komissiyasında xeyli müzakirələr gedib, təkliflər, iradlar bildirilib, təkrar yerli icra hakimiyyətləri ilə müzakirələr aparılıb.

Komitə sədri deyib ki, qanun layihəsinə əsasən, təkrarlanan eyniadlı kənd adlarının və bəzi inzibati ərazi dairələrinin adlarının dəyişdirilməsi təklif olunur. Ağcabədi, Ağdam, Ağdaş, Astara, Bərdə, Cəlilabad, Gədəbəy, Göyçay, Xaçmaz, Kəlbəcər, İsmayıllı, Kürdəmir, Quba, Laçın, Tərtər, Ucar və Zaqatala rayonlarının tərkibindəki 30-dan artıq kənd və inzibati ərazi dairəsinin adlarının dəyişdirilməsi nəzərdə tutulur.

“Tülkülü”, “Oğrulu” kimi adlar dəyişdirilməlidir...

Millət vəkili Fəzail İbrahimli həm Milli Məclisdə Regional məsələlər komitəsinin, həm də Toponimiya Komissiyasının üzvüdür. İdeoloji xarakter daşıyan, mənası heç kimə bəlli olmayan kənd adlarının dəyişdirilməsini vacib hesab edən millət vəkili dedi ki, qəbul edilən qanun layihəsində 3 istiqamətdə məsələlər nəzərə alınıb: “Birinci istiqamət tarixi kökləri olmayan, hər bir dövrün ictimai quruluşunun tələbinə uyğun seçilən yer adlarının dəyişdirliməsi, ikinci istiqamət adı kifayət qədər dilə yatmayan, toponim tələblərə cavab verməyən, vaxtilə təsadüfi adlanan, məsələn, ”Tülkülü", “Oğrulu” və sair bu kimi adların dəyişdirilməsi, üçüncü istiqamət isə eyni adları daşıyan kəndlərlə bağlıdır. Bu üç istiqamətdə olan məsələlər müzakirə olunub və qanun layihəsi qəbul edildi".

Tərtərdə 4 Qapanlı kəndi var

Millət vəkili dedi ki, bir rayonda eyni adı daşıyan bir neçə kənd adları var ki, onları bir-birindən fərqləndirməklə sənədləşdirmə işləri ilə bağlı çətinliklər yaşanır və bu adların dəyişdirilməsi vacibdir: “Məsələn, Tərtər rayonunda 4 Qapanlı kəndi var. Bu kəndlərlə bağlı poçt xidmətindən istifadədə və digər ünvan dəqiqiləşdirilməsi tələb edən sahələrdə problemlər yaşanır. Ona görə də bu adların dəyişdirilməsinə ehtiyac var.

Toponimdən başı çıxmayan sakinlər bəzən öz istəklərini ifadə edirlər ki, filan kənd filan cür adlandırılsın. Amma Toponimya Komissiyasının ixtiyarı yoxdur ki, nədəsə dəyişiklik etsin. Komissiyada təkliflər formasında söylənilən bu və ya digər fikirlərin elmi əsası olduqda isə bu məsələlər bir neçə mərhələli prosesdən sonra nəzərə alına bilər".

Dəvəçi rayonunun adı ona görə dəyişdirildi ki...

Toponimya Komissiyasının digər üzvü, Coğrafiya İnstitutunun elmi işçisi Mahirə Abbasovanın sözlərinə görə, hər bir sahənin öz qanunauyğunluqları olduğu kimi toponim sahəsinin də öz spesifikası var: “Hər bir ərazinin adının dəyişidirilməsində mütləq onun tarixi kökləri nəzərə alınmalıdır. Əgər o yerin adı tarixi köklərə əsaslanırsa o adın dəyişdirilməsinə yol verilmir, dəyişdirildikdə isə tarixi kök nəzərə alınır.
Məsələn, Dəvəçi rayonunun adı dəyişdirildi, Şabran qoyuldu. Doğrudur, Dəvəçi də türk tayfalarının adından götürülüb. Amma Şabran Dəvəçidən də qədim yaşayış məskənidir. Bu rayonun Şahnəzərli kəndində Şabran şəhərinin xarabalığı var. Bu şəhərin mənşəyi məşhur türk tayfaları Sabirilərlə bağlıdır. Dəvəçi adı yaşayış məntəqəsi kimi saxlandı, amma Şabran daha qədim tarixə malik olduğuna görə rayonun adı dəyişdirildi".

Alimin fikrincə, toponim elə bir sahədir ki, yer adları seçiləndə orada həm coğrafi mövqe, həm tarixi köklər, həm də dilçilik elementləri rol oynayır: “Ona görə də coğrafiya, tarix və dilçilik elmi olmadan toponimyada tətbiqi işlər görülə bilməz”.

Sevil


Müəllif:

Oxşar xəbərlər