Ermənistan Silahlı Qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törədib.
Teleqraf.com-un əməkdaşının verdiyi xəbərə görə, işğal altında olan Ağdərə ərazisində törədilən yanğınlar böyük bir ərazini əhatə edib. Yanğının Azərbaycan ordusunun nəzarəti altında olan ərazilərə keçməməsi üçün qabaqlayıcı tədbirlər görülüb.
Ermənistan orudusunun Ağdərə ərazisində bu gün saat 12 radələrindən etibarən yanğınlar təxminən 10 km ərazini əhatə edib.
Yerli sakinlərin bildirdiyinə görə, güclü yanğınların neytral əraziyə keçməsi nəticəsində xeyli sayda mina partlayışları müşahidə edilib. Yanğınların yaşayış məntəqələrinə keçməsinin qarşısını almaq üçün əraziyə Tərtər yanğından mühafizə hissəsinin yanğınsöndürənləri cəlb edilib. Kənd sakinlərinin bildirdiyinə görə, əvvəlcədən görülən tədbirlər nəticəsində yanğının kəndə keçməsi təhlükəsi azdır.
Sakinlər onu da bildiriblər ki, əraziyə yanğınsöndürənlərin yaxınlaşdığını müşahidə edən ermənilər yanğına müdaxilə olmaması üçün avtonmat və pulemyotlardan atəş açıblar.
Daşqın Abdullayev