Ağcabədi şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda ikigünlük regional konfrans işə başlayıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Ağcabədi, Ağdam və Tərtər rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.
Komitənin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, tədbirin açılışında çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov konfransın əhəmiyyətini yüksək qiymətləndirib, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. O bildirib ki, xalqımız əsrlər boyu milli mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb.
Komitə sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz işlərdən, Konstitusiyada təsbit edilmiş vicdan azadlığından, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Onun sözlərinə görə, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır.
Komitə sədri dünyada İslam dinini radikalizmə sürükləmək meyillərinin artmasından, bəzi qüvvələrin İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa çalışmasından, terrorla əlaqələndirmək istəklərindən də danışaraq, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti bütün cəmiyyətin üzərinə düşür.
Milli Məclisin deputatı Tahir Rzayev, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Ramazan Hüseynov və başqaları çıxışlarında dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən bəhs ediblər.
“Dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği” mövzusunda davam edən plenar iclasda “Dini radikalizm və onunla mübarizə üsulları”, “Milli mənəvi dəyərlərimiz və ona qarşı təhdidlər” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.
Regional konfrans işini mayın 27-də “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.
Konfransın ilk iş günü başa çatdıqdan sonra komitə sədri M.Qurbanlı Ağcabədidəki “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.
BƏXTİYAR