Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Cəlilabad rayonunda 5 rayonun (Cəlilabad, Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala) sakinlərini fərdi qaydada qəbul edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, açıq qapı şəraitində keçən qəbul zamanı vətəndaşların ayrı-ayrı sosial təminat növləri, habelə mənzil və minik avtomobili, reabilitasiya vasitələri və bərpa-müalicə xidməti ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı və digər məsələlərlə əlaqədar müraciətləri dinlənilib.
Səlim Müslümov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, bərpa-müalicə müəssisələrinə göndəriş, dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün tibbi göstərişinin olub-olmamasının müəyyən edilməsi və s. barədə nazirliyin aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.
Növbədə dayanan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətlərini cavablandıran Səlim Müslümov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə diqqət və qayğısı nəticəsində həmin insanlar üçün mənzil tikintisi işlərinin davam etdirildiyini vurğulayıb: “Hazırda respublikanın bölgələrində müharibə əlilləri və şəhid ailələri üçün 379 fərdi ev tikilir. O cümlədən, sakinlərini qəbul etdiyimiz Cəlilabad rayonunda bu təbəqələrdən olanlar üçün 2, Biləsuvar rayonunda 3, Neftçala rayonunda 10 fərdi ev tikilir. Salyan rayonunda isə 18 fərdi evin inşası işləri artıq tamamlanmaq üzrədir. Cari il ərzində bu rayonlarda yeni fərdi evlərin tikintisinə başlanması da nəzərdə tutulur”.
Ayrı-ayrı ümumi səbəbdən əlilliyi olan şəxslərin mənzillə təmin olunmaq barədə müraciətləri ilə əlaqədar Səlim Müslümov bildirib ki, nazirliyin sifarişi əsasında inşa olunan mənzillər ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar sağlamlıqlarını itirmiş vətəndaşlar və şəhid ailələri üçün nəzərdə tutulub. Ümumi səbəblərdən əlilliyi olan şəxslərin mənzillə təminatı nazirliyin səlahiyyətlərinə aid deyil və belə şəxslər mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması ilə əlaqədar yaşadıqları rayonun və ya şəhərin İH-lərinə müraciət etməlidirlər. Eyni zamanda, məcburi köçkün olan Qarabağ əlilləri və şəhid ailələri də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən inşa etdirilən qəsəbə və komplekslərdə məcburi köçkünlərlə birgə mənzillə təmin olunurlar.
Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət etmiş bir sıra şəxslərin özlərinin, yaxud ailə üzvlərinin münasib işlə təmin olunması məsələləri yerindəcə həll olunub və onlara boş (vakant) iş yerlərinə göndərişlər verilib.
Ayrı-ayrı müraciətlərdə əksini tapan məsələlər nazirliyin fəaliyyət sahələrinə aid olmadığından aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Biləsuvar, Cəbrayıl, Salyan, Neftçala rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Cəlilabad rayonuna aparılıb gətirilmələri təmin edilib.
Naibə QURBANOVA