“Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi” mövzusunda təlim keçirilib
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Azərbaycan Universiteti ilə birgə “Ailə və uşaq məsələlərinə dair şəffaflığın və vətəndaşlara xidmətin təmin edilməsi” mövzusunda təlim keçib.
Təlimdə Ombudsman Aparatının, Daxili Işlər Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri, həmçinin müxtəlif təhsil ocaqlarında oxuyan tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Fərid Əhmədovun sözlərinə görə, tələbələrin bu kimi maarifləndirici təlimlərdə iştirakının əhəmiyyətini böyükdür.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva çıxış edərək təlimin əsas məqsədinin dövlət qurumlarının insan hüquqları, xüsusən də ailə, uşaq istiqamətindəki məsələlərə dair şəffaflığın və onların gördüyü işlərin təmin edilməsi məsələlərinin gənc nəsil arasında təbliği olduğunu bildirib.
Aynur Sofiyeva deyib ki, qloballaşan dünyada milli dəyərlərin daha çox qorunmasına ehtiyac var. Ailə dəyərlərinin mühafizəsi, ailədaxili və nəsillərarası münasibətlərdə yaşlılara hörmət, uşaqlara sevginin, diqqətin təbliği Komitənin bu istiqamətdə gördüyü işlərin tərkib hissəsidir.
Komitə sədrinin müavini belə mövzularda bundan sonra da tədbirlər keçiriləcəyini deyərək bu məsələnin hər zaman gündəmdə olmasına ehtiyac duyulduğunu vurğulayıb.
Daha sonra Ombudsman Aparatının Hüquqi Maarifləndirmə sektorunun müdiri Faiq Ağayev “Insan hüquqlarının, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsman fəaliyyəti” mövzusunda çıxış edib. Onun sözlərinə görə, respublikada insan hüquqları sahəsində ilk fundamental sənəd - “Insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın Umummilli lider Heydər Əliyev tərəfindən, daha sonra Ilham Əliyevin müvafiq Sərəncamı ilə 2006-cı ildə Insan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının, 2011-ci ildə isə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı təsdiq edilib.
Faiq Ağayev Ombudsmanın Milli Fəaliyyət Planı və Milli Fəaliyyət Proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə respublikamızın hər bir rayonunda icra hakimiyyətləri, məhkəmə, polis, prokurorluq, dairə seçki komissiyaları və bələdiyyələrin, habelə ictimaiyyətin, yerli QHT-lər və KIV-in nümayəndələrinin iştirakı ilə ictimai dinləmələr keçirildiyini qeyd edib.
Həmçinin “Azərbaycan 2020: Gələcəyə Baxış” Inkişaf Konsepsiyasında əhalinin müxtəlif kateqoriyalarının hüquqlarının müdafiəsi istiqamətində strateji tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılıb.
Təsisatın qadın və uşaq hüquqları sahəsində fəaliyyəti, qaynar xətt xidmətləri və resurs mərkəzləri barədə geniş məlumat verilib, hazırda ölkəmizdə Ombudsmanın təşəbbüsü ilə Insan Hüquqları Aylığının qeyd edildiyi bildirilib, tələbələrlə uşaq müəssisələrində olan uşaqların vəziyyəti, erkən nikah, nikahdan kənar doğulan uşaqların statusu, alimentin ödənilməsi sahəsində çətinliklər müzakirə edilib.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial Innovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Jalə Əsgərova “Vətəndaşların hüquqi xidmətlə təmin edilməsi”, Daxili Işlər Nazirliyinin Baş Ictimai Təhlükəsizlik Idarəsinin şöbə rəisi Adıgözəl Adıgözəlov “Hüquq-mühafizə orqanlarının insan hüquqlarının müdafiəsində rolu”, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Samo Salayev “Elektron Azərbaycan, Hökumət işinin şəffaflığı, Innovativ ideyaların rəğbətləndirilməsi, açıq dövlət məlumatları, internet təhlükəsizliyi”, Milli Televiziya və Radio Surasının Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov isə “Informasiyanın hüquqi müstəvidə əhaliyə çatdırılması” mövzusunda təqdimatlarla çıxış ediblər.
Təlimin sonunda tələbələrə sertifikatlar təqdim olunub.