28 May 2015 21:29
662
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın İsveçrədəki səfirliyi 28 May - Respublika Günü və birinci Avropa Oyunlarının təqdimatı ilə əlaqədar Berndə rəsmi qəbul təşkil edib.

Səfir Əkrəm Zeynallı qəbulda Azərbaycanın müstəqillik tarixi barədə danışıb. O, müsəlman Şərqində ilk demokratik respublikanın 1918-ci ildə Azərbaycanda yaradıldığını qeyd edib. Həmin dövrdə demokratik dövlət quruculuğu istiqamətində atılmış addımlar barədə qonaqlara məlumat verən diplomat hətta İsveçrədən yarım əsr əvvəl Azərbaycanda qadınlara seçib-seçilmək hüququnun verildiyini vurğulayıb. Diplomat bu cür demokratik düşüncə tərzinin yeni müstəqillik tarixində də siyasi həyatda uğurla tətbiq edildiyini bildirib.

Azərbaycanın müstəqil dövlət quruculuğu tarixində yeni dövrün ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması ilə başladığını qeyd edən Ə.Zeynallı bu istiqamətdə həyata keçirilmiş islahatlardan da söz açıb.

Səfir əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzunun artdığını və beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etdiyini diqqətə çatdırıb. O, belə mötəbər tədbirlərdən sayılan ilk Avropa Oyunlarının təşkilatçılığının Azərbaycana həvalə edilməsinin ölkəmizin yüksək etimad və nüfuz qazanmasının göstəricisi olduğunu deyib. Bu məqsədlə aparılan hazırlıq işlərinin uğurla başa çatmasının qəbul olunmuş qərarın düzgünlüyünə dəlalət etdiyini vurğulayıb.

Səfir Avropa Oyunlarında 49 ölkədən 6000-dən çox atletin 20 idman növü üzrə yarışacağını, bunun miqyasına görə Olimpiya Oyunları səviyyəsində olduğunu deyib. O, belə mötəbər tədbirlərə hazırlaşmağın minimum 6-8 il vaxt apardığını, lakin Azərbaycanda bunun 2 il yarım müddətinə başa gəldiyini qeyd edib. Olimpiya Hərəkatının dostluq və hörmət dəyərləri üzərində qurulduğunu və gənclərin idman vasitəsilə formalaşdırılmasına xidmət etdiyini bildirən səfir Avropa ölkələrindən bu vacib tədbirə qoşulan idmançılara, xüsusən İsveçrənin 200 nəfərlik nümayəndə heyətinə uğurlar arzulayıb.

Sonra “Bakı-2015” Avropa Oyunlarının Əməliyyat Komitəsi tərəfindən hazırlanmış videoçarx göstərilib.

Daha sonra qonaqlara Azərbaycanın istedadlı musiqiçiləri Elçin və Emin Şirinovların ifasında etno-caz konserti və milli mətbəximizin təamları təqdim olunub.

Tədbirdə İsveçrənin dövlət və hökumət rəsmiləri, Berndə akkreditə olunmuş diplomatik korpusun üzvləri, biznes dairələrinin və kütləvi informasiya vasitələrinin təmsilçiləri, həmçinin ictimaiyyətin tanınmış nümayəndələri iştirak ediblər.


Müəllif:

Oxşar xəbərlər