30 May 2015 20:09
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq yarışa hazırlıq üzrə sonuncu iclas keçirilib

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) quruma aid birlik və müəssisələrin iştirakı ilə RYTN və “Bakı-2015" I Avropa Oyunları üzrə Əməliyyat Komitəsinin sayca sonuncu iclası keçirilib.

İclasda giriş sözü ilə çıxış edən Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov I Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsində telekommunikasiya, radio-televiziya, internet və digər rabitə xidmətlərinin və radiotezliklərinin əhəmiyyətindən danışıb.

Nazir oyunlara hazırlıq dövründə Əməliyyat Komitəsinin tələblərinə uyğun işlərin lazımi səviyyədə yerinə yetirildiyini və başa çatdırıldığını, RYTN-in tabeliyindəki rabitə, birlik və müəssisələrin, digər əlaqədar strukturların birgə səmərəli fəaliyyət göstərdiklərini qeyd edib.

Daha sonra müvafiq təşkilatlarla birlikdə xüsusi rabitə və internet xidmətlərinin təşkilinə, dövlət və strateji internet saytlarının mühafizəsinə, informasiya təhlükəsizliyinə, yeni əsas və alternativ istiqamətdə çəkilmiş rabitə kanalları, stasionar və mobil telefon xidmətinin təşkilinə, “Azerspace-1" peykinin Oyunların yayımında istifadəsinə dair məlumatları dinlənilib.

Eyni zamanda, Oyunlara hazırlıq dövründə Bakı, Gəncə, Mingəçevir şəhərlərində və respublikanın iri avtomobil magistrallarında ABŞ-ın “Global Wireless Solutions” şirkətinin eksperti tərəfindən mobil rabitə xidmətlərinin əhatə dairəsi və keyfiyyətinin monitorinqinin nəticələri müzakirə edilib.

Bundan başqa, mobil operatorların rəhbərlərinin monitorinqin nəticələri və Oyunların dayanıqlı və keyfiyyətli mobil xidmətlərlə təchizatı barədə görülən tədbirlərə dair məlumatları dinlənilib.

Oyunların telekommunikasiya xidmətləri ilə təchizatı və radiotezliklərlə təminatı üzrə hazırlığın lazımi səviyyədə olduğunu qeyd edən nazir bu mötəbər idman tədbirinin yüksək səviyyədə keçiriləcəyinə əminliyini vurğulayıb.

İclasda Əli Abbasov qeyd edib ki, Nazirlik I Avropa Oyunları ilə əlaqədar qərargah yaradacaq. Onun sözlərinə görə, nazirlik yanında qərargah iyunun 2-dən Oyunlar başa çatanadək sutkalıq rejimdə işləyəcək, göstərilən telekommunikasiya xidmətlərinin keyfiyyətinə nəzarət edəcək.

Nazir bildirib ki, operativ həll olunmasını tələb edən müəyyən problemlər yarada biləcək əsas məqamlar mövcuddur.

Nazir nümunə qismində ölkənin efir məkanına mümkün müdaxilədən qorunmanı, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsini, radiotezliklərin müdafiəsini, mobil rabitə və məlumatların ötürülməsi xidmətinin keyfiyyəti məsələlərini sadalayıb.

Əli Abbasov jurnalistlərə bildirib ki, Azərbaycanda rəqəmsal televiziya yayımına tam keçid bu ilin payızında gözlənilir. Onun sözlərinə əsasən, daha əvvəl iyuna planlaşdırılmış rəqəmsal televiziyaya keçid qarşıdakı İlk Avropa Oyunları ilə əlaqədar təxirə salınıb.

Nazir qeyd edib ki, analoq siqnalının dayandırılması məsələsi Avropa Oyunları başa çatdıqdan sonra aktuallaşacaq və bu məsələ üzrə danışıqlar Milli Televiziya və Radio Şurası ilə aparılacaq: “Azərbaycan hazırda rəqəmsal TV-yə keçməyə tam hazırdır. Güman edirəm ki, artıq payızda bu standarta tam keçə biləcəyik. Bu, çox vacibdir, çünki analoq yayımında istifadə edilən tezlik spektri digər xidmətlərin göstərilməsi üçün istifadə edilə bilər. Dünyada vəziyyət dəyişir və buna görə də bu yayım standartına mümkün qədər tez keçmək lazımdır”.

Nazir diqqətə çatdırıb ki, bu sahədə gələcək dəyişikliklərin nəticəsində bir çox istehsalçılar artıq ilin sonuna analoq televizorları buraxmağı dayandıracaqlar.

Qeyd edək ki, Azərbaycanın yaşayış məntəqələrinin 99 faizi rəqəmsal TV siqnalı ilə əhatə olunub.
Hazırda ölkə əhalisi açıq paketdə 12 telekanaldan istifadə edir.

Rəqəmsal kontentin yayımı MPEG-4 formatında aparılır. Rəqəmsal yayıma keçmək üçün abonentlər dekoder əldə etməlidirlər. Bu qurğuların qiyməti daxili bazarda 25-30 manatdır.

Daha sonra nazir I Avropa Oyunları zamanı radiotezliklərdən və radioelektron vasitələrdən maneəsiz istifadə, radioelektron vasitələrinə müvafiq tezliklərin ayrılması və qeydiyyatı məqsədilə alınan mobil və portativ tipli radiomonitorinq, Bakı şəhəri və Abşeron yarımadasında efirə avtomatik radionəzarəti təmin etmək üçün Mehdiabad qəsəbəsində qurulmuş Mərkəzləşmiş Avtomatik Radiomonitorinq Şəbəkəsinə və müvafiq mütəxəssislərdən təşkil olunmuş radiomonitorinq qruplarının Oyunlara hazırlıq vəziyyətinə baxış keçirib.

Tədbirdə radiomonitorinq avadanlıqlarının, tezlik analizatorlarının, test sınaq avadanlıqlarının texniki imkanları, Oyunlarda istifadə ediləcək tezliklərə yarana biləcək maneələrin operativ təyin edilməsi və aradan qaldırılması, radioelektron vasitələrinin parametrlərinin yeni texnologiyanın tətbiqi ilə yoxlanılması üzrə nazirə ətraflı məlumat verilmiş və sözügedən avadanlıqlar üzrə yüksək ixtisaslı mütəxəssislərin bacarıqları nümayiş etdirilib.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər