Küveytin geniş oxucu auditoriyasına malik “Əl-Qabas” qəzetinin 31 may tarixli nömrəsində Azərbaycanla bağlı məqalə dərc edilib.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, jurnalist xanım İqbal Əl-Əhmədin müəllifi olduğu “Küveyt və Azərbaycan arasında oxşar istiqamətlər” adlı məqalədə hər iki xalqın taleyindəki bənzərliklərdən, Azərbaycanda gedən sürətli inkişaf proseslərindən bəhs edilir.
Müəllif qeyd edir ki, 1991-ci il hər iki xalqın həyatında dönüş nöqtəsi olub. Küveyt 1991-ci ildə işğaldan azad edilib və ölkədə hər şey sıfırdan başlayıb. Uzun illər Sovet İttifaqının əsarəti altında olan Azərbaycan isə 1991-ci ildə müstəqilliyini bərpa edib. Xalq öz istiqlaliyyəti uğrunda mübarizə aparıb və bizim kimi hər şeyi sıfırdan başlamalı olub.
Beləliklə, hər iki ölkə 1991-ci ildən etibarən inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan qısa müddətdə sürətlə inkişaf etdi. Ölkədə insan hüquqları, tikinti-quruculuq sahəsində böyük nailiyyətlər əldə olundu.
İqbal Əl-Əhməd yazır: “Mən və mənimlə Azərbaycana gedənlər özümüzü orada inkişaf baxımından daha çox Avropa ölkəsində hiss edir və bütün bunları bir ölkədə görəcəyimizə inanmırdıq. Azərbaycanda neftdən gələn gəlirlər düzgün istiqamətə yönəldilib və bu da bütün sahələrdə həyata keçirilən layihələrin uğur qazanmasına səbəb olub.