Əliməmməd Nuriyev: “Bu nəzarətin subyektləri vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media və icmalardır”
Sahib Məmmədov: “Artıq qanun səviyyəsində vətəndaş nəzarəti məsələsi ortaya qoyulub”
Xəbər verdiyimiz kimi, mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.
Burada çıxışı zamanı Prezident İlham Əliyev ictimai nəzarətin gücləndirilməsi ilə bağlı məsələyə də toxunub.
Dövlət baçısı qeyd edib ki, idarəetmə sahəsində müsbət islahatlar aparılır: “Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa, ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam - Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir”.
"Konstitusiya" Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib ki, Prezident İlham Əliyevin Respublika Günü ilə bağlı çıxışı Azərbaycanın gələcək inkişafına yönəlik mesajlarla zəngin idi. Onun sözlərinə görə, xüsusilə vətəndaş cəmiyyəti və ictimai nəzarətin gücləndirilməsi ilə bağlı fikirləri mühüm əhəmiyyət daşıyır: “Çünki idarəetmə prosesində pozitiv islahatlar yalnız o halda gedə bilər ki, burada ictimai nəzarət mövcuddur. Yalnız dövlətin şaquli nəzarəti yox, eyni zamanda üfüqi və horizontal nəzarətin olması vacibdir. Bu nəzarətin subyektləri isə vətəndaşlar, vətəndaş cəmiyyəti institutları, media və icmalardır. Bunlar dövlətin əlavə gözləri, kənar nəzarətdir. Həm böyük marağı olan, eyni zamanda birbaşa inzibati marağı olmayan bir nəzarətdir. Yəni, belə bir nəzarətdə ictimai maraqların təmin olunması, dövlətin ayırdığı ictimai vəsaitlərin təyinatına uyğun olaraq xərclənməsi, problemlərin aşkar edilməsi, hər hansı dövlət orqanının fəaliyyətində problemin olub-olmamasının mövcudluğu, eyni zamanda məsələyə yanaşmanın dövlət orqanları tərəfindən nə cür həyata keçirilməsi və sairəni əhatə edir. Bu baxımdan ictimai nəzarətlə bağlı fikirlər vətəndaş cəmiyyətinə əlavə o imkanları yaradır ki, bu prosesdə daha yaxından iştirak etsin. Bir qədər əvvəl Prezident İlham Əliyev tərəfindən ictimai iştirakçılıqla bağlı çox mühüm bir qanun qəbul edildi. “İctimai iştirakçılıq” haqqında Qanunda ictimai nəzarətin bütün aspektləri ehtiva edilir. Prezident interaktiv qaydada bütün icra strukturlarına o göstərişi verdi ki, vətəndaş cəmiyyətinə bütün proseslərdə iştirak etmək üçün şərait yaradılsın. Məhz bununla bağlı mərkəzi yerli icra hakimiyyəti orqanlarında ictimai şuralar yaradılır”.
Ə.Nuriyev qeyd edib ki, icra strukturları ilə yanaşı, hətta parlamentin özü də bu prosesdə iştirak edir: “Belə ki, parlamentdə qəbul edilən qanun layihələri hər şeydən əvvəl ictimai müzakirədən keçməlidir. Hətta bir neçə il əvvəl “Normativ-hüquqi aktlar” haqqında Konstitusiya qanununda da göstərilmişdi ki, mühüm qanunların idarə edilməsi mütləq ictimai müzakirədən, dinləmədən keçməlidir. Cəmiyyətin bütün seqmentlərinin ictimai nəzarət prosesində iştirak imkanları olmalıdır. Yəni, həm biznes assosiasiyalarının, qeyri-hökumət təşkilatlarının, medianın, icmaların, o cümlədən həmkarlar təşkilatının bu prosesdə iştirakı çox vacib məsələdir. Təsadüfi deyil ki, medianı 4-cü hakimiyyət adlandırırlar. Bu mənada kütləvi informasiya vasitələri ictimai nəzarəti həyata keçirən mühüm seqmentlərdəndir”.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov bildirib ki, Prezident İlham Əliyevin çıxışında həm xarici, həm də daxili siyasətlə bağlı ciddi mesajlar vardı: “Bu mühüm fikirlərdən biri vətəndaş cəmiyyəti ilə bağlı idi. Məhz ölkənin bütün siyasi elitasının və məmurların iştirak etdiyi tədbirdə açıq şəkildə qeyd etdi ki, ictimai nəzarət vacibdir. Təbii ki, vətəndaş cəmiyyətinin nümayəndələri olaraq, biz bunda iştirak edəcəyik. Hazırda “İctimai iştirakçılıq haqqında” Qanunun tətbiqi prosesi gedir. Nazirliklərin bəzilərində artıq ictimai şuralar yaradılır və bəziləri müsabiqə elan ediblər. Bu da vətəndaş nəzarətinin xüsusi Azərbaycan modelidir. Həmin qanunda bir neçə vətəndaş nəzarəti formaları var. Bunlardan biri ictimai iştirakçılıq, digəri qərarların əvvəlcədən ictimai müzakirəsi və o cümlədən ictimai sorğulardır. Göründüyü kimi, artıq qanun səviyyəsində vətəndaş nəzarəti məsələsi ortaya qoyulub”.
S.Məmmədov bir sıra məsələlərdə qeyri-hökumət təşkilatlarının potensialının kifayət etmədiyini vurğulayıb: “Elə məsələlər var ki, hökumət partnyorluğu üçün yetərli deyil. Misal üçün, sosial sifarişlərin elə növləri var ki, onu qeyri-hökumət təşkilatları öz üzərinə götürüb, tam yerinə yetirə bilmirlər. Hesab edirəm ki, növbəti problem də budur. Biz görmüşdük ki, hüquq müdafiəsi təşkilatları bəyanatlar verir və digər prinsiplərlə işləyirdilər. Amma indi peşəkarlıq, ciddi idarəetmə və digər məsələlər var”.
BƏXTİYAR