23 May 2014 15:56
985
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbulda “Photo-4-tolerance” adlı foto-müsabiqə layihəsinin təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin aparıcı “Yeni Şafak” və “ Star” qəzetlərində xəbər yayılıb. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun təşəbbüsü ilə həyata keçirilən bu beynəlxalq layihəyə bu ilin mart ayından start verilib.

Dünən isə İstanbulda BMT və İƏT-ə baglı aparıcı beynəlxalq təşkilatların iştirakı ilə İKGF tərəfindən təşkil olunan mərasimdə bu layihənin rəsmi təqdimat mərasimi həyata keçirilib. 2 ildən bir baş tutan BMT-İƏT qurumları koordinasiya görüşü çərçivəsində keçirilən tədbirlərdə reallaşan təqdimat mərasimində BMT tərəfindən BMT İnkişaf Proqramı, UNESCO, Dünya Turizm Təşkilatı, UNİSEF, İƏT tərəfindən isə İslam İnkişaf Bankı, İSESCO və İRSİCA da daxil olmaqla ümumilikdə 30-dan artıq beynəlxalq qurumun 100-dək nümayəndələri iştirak ediblər. Təqdimatda İKGF tərəfindən layihənin məqsədi, həmçinin müsabiqənin şərtləri haqqında geniş məlumat verilib.

Layihə gənclər arasında mədəni və dini müxtəliflilik sahsində tolerantlıq ideyalarının təbliğinə və sivilizasiyalararası sülhün bərqərar olmasına yönəlib. Müsabiqədə iştirak edəcək gənclər tolerantlıq və sülh çağırışlarını təmsil etdikləri mədəni və dini simvollarını əks etdirməklə fotoşəkillər vasitəsilə ifadə etdirməlidirlər. Bu günə gədər 50-dən çox həvəskar gənc fotoqraf müsabiqənin saytında qeydiyyatdan keçib və fotorəsmlərini göndəriblər.

İƏT Gənclər Forumu ilə BMT Sivilizasiyaların Alyansının birgə təşəbbüsü olan müsabiqənin sonunda professional fotoqraflardan ibarət münsiflər heyəti tərəfindən əsas 6 və 2 həvəsləndirici qalibin müəyyən edilməsi nəzərdə tutulur. Bu il keçirilməsi nəzərdə tutulan təltifetmə mərasimində qaliblər pul mükafatı və professional fotoavadanlıqla təltif ediləcəklər. Qaliblərin seçimində gənclər də sosial şəbəkələrdə təşkil olunacaq səsvermə vasitəsilə iştirak edə bilərlər.

BƏXTİYAR


Müəllif: