2 İyun 2015 15:29
904
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinə qarşı törədilən təxribatlara etiraz edib.

İnstitutdan Publika.az-a verilən məlumatda bildirilib ki, son dövrlərdə internet saytlarında, o cümlədən Vikipediyada Azərbaycan tarixini saxtalaşdıran, xalqımızın görkəmli şəxsiyyətlərinə çirkin iftiralar ataraq gözdən salmağa çalışan və milli-mənəvi dəyərlərimizə qara yaxan məqalələr yazılmaqdadır. Bunlardan biri də “Azərbaycanda LGBT tarixi” adlı vikipediya məqaləsidir.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu bu Vikipediya məqaləsini Azərbaycanın tarixinə, xalqımızın milli-mənəvi dəyərlərinə qarşı xüsusi sifarişlə yazılan növbəti təxribat hesab edir.

Vikipediya məqaləsində heç bir əsas olmadan, ən qədim zamanlardan başlayaraq son dövrlərə kimi Azərbaycan tarixində homoseksual münasibətlərin mövcud olduğu iddia olunur, görkəmli tarixi şəxsiyyətlərimizə çirkin iftiralar atılaraq gözdən salmağa cəhd edilir. Qeyd etmək lazımdır ki, son zamanlar görünür xaricdən xüsusi sifarişlə Azərbaycanın görkəmli şəxsiyyətlərini ləkələmək xətti götürülüb. Göstərilən Vikipediya məqaləsi də məhz buna xidmət edir.

Məqalənin məzmunundan aydın olur ki, onun müəllifi bu məqaləni xüsusi məqsədlə hazırlamışdır. Çünki müəllif Azərbaycanda homoseksual problemlərin mövcudluğunu əsaslandırmaq üçün dövrün tarixi qaynaqlarına deyil, mənbəyi məlum olmayan əsassız internet resuslarına istinad edərək Azərbaycanla heç bir əlaqəsi olmayan faktları Azərbaycanın tarixi şəxsiyyətlərinə sırımağa çalışır. Onun “Gilqameş dastanı”ndan, “Hammurapi qanunları”ndan, ayrı-ayrı xarici ölkə müəlliflərindən gətirdiyi faktların Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Lakin qloballaşma prosesinin mənfi təzahürlərindən biri olan LGBT Avropa ölkələrində özünə “azadlıq” əldə edərək son dövrlərdə xüsusilə fəallaşmışdır. Avropa ölkələrində eynicinsli rəsmi nikahlar həyata keçirilir.


Azərbaycanda heç zaman son qloballaşma dövrünə qədər LGBT mövcud olmamışdır. Lakin Qərbin təsiri ilə ölkədə formalaşmağa başlayan belə qüvvələr əmələ gəlib. Görünür məqalə müəllifi belə qüvvələrə xüsusi rəğbət göstərir və bütün xalqı ləkələmək istəyir.

Tarix İnstitutu Vikipediya idarəçilərindən, xüsusilə hörmətli millət vəkili Aydın Mirzəzadədən Azərbaycan tarixinə, milli-mənəvi dəyərlərimizə qara yaxan, onu gözdən salmağa çalışan Səfər İbrahimov (İstifadəçi adı:Sefer azeri) adlı idarəçini Vikipediya idarəçiləri siyahısından çıxarmağı, Vikipediyada Azərbaycan tarixinə qarşı təxribatlara yol verməməyi, tarixi məqalələr yazılarkən Tarix İnstitutunun rəsmi facebook səhifəsi ilə əlaqə yaratmağı və elmi məsləhətlər almağı vacib hesab edir.


Müəllif:

Oxşar xəbərlər