23 May 2014 16:19
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aktual məsələlərlə bağlı ictimai müzakirələrin təşkili layihəsi çərçivəsində “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin gücləndirilməsi və şəffaflığın artırılması” adlı növbəti tədbir keçirilib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə dövlət qurumlarının, həmçinin, QHT və KİV nümayəndələri iştirak edib.

Milli QHT Forumunun prezidenti Rauf Zeyni çıxış edərək bu layihənin həyata keçirilməsinə dəstək verdiyinə görə Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbərliyinə minnətdarlığını bildirib. O deyib ki, Azərbaycanın gələcək inkişafını təmin edən bu proqramdan əhalinin xəbərdar olması, bütün ictimaiyyətin məlumatlandırılması, geniş kütlələrin bu müzakirəyə cəlb olunması Konsepsiyanın daha effektli və səmərəli qəbul edilməsini təmin edən amillərdəndir.

“Konstitusiya” Araşdırmalar Fondunun sədri Əliməmməd Nuriyev “Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması” mövzusunda məruzə ilə çıxış edib. O, Dövlət Proqramları, qəbul olunan qanunlar, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsinin gördüyü işlər və s. barədə hazırlanmış slaydı iştirakçıların diqqətinə çatdırıb.

Tədbirdə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndəsi Azad Cəfərli, İnsan Hüquqları üzrə Müvəkkili aparatının rəhbəri Aydın Səfixanlı, Baş Prokurorluğunun böyük prokuroru Ramin Hüseynov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına yardım Fondunun prezidenti Sabit Bağırov və digər QHT nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

BƏXTİYAR


Müəllif: