Türkiyənin Mərmərə Universitetinin İctimaiyyətlə əlaqələr (PR) fakültəsinin magistr tələbələri erkən yaşda evləndirilən qızlara diqqət çəkmək məqsədi ilə sosial kampaniya həyata keçirib.
“Hər Şey Yaşında Güzel” adlı kampaniya çərçivəsində sosial çarx yayımlayan tələbələr arasında həmyerlimiz də var.
Türkiyədə magistr təhsili alan Rəşad Mehdizadə kampaniya haqqındakı fikirlərini Teleqraf.com-la bölüşüb:
“Statistikalar göstərir ki, Türkiyədə təxminən qadınların 32 faizi erkən yaşda evləndirilir. Bu, çox böyük rəqəmdir. Hər 3 qadından birinin erkən yaşda evləndirilməsi gələcək üçün böyük təhlükədir. Biz də Mərmərə Universitetinin İctimaiyyətlə əlaqələr fakültəsinin magistr tələbələri olaraq ictimaiyyətin diqqətini buna çəkməyə çalışdıq. Kampaniya çərçivəsində “Hər şey yaşında gözəldir” adlı sosial çarx ərsəyə gətirdik. Videoda erkən yaşda evləndirilən qızların uşaqlıqlarını yaşamadan həyata atılması vurğulanıb”
Bu tip olayların ölkəmizdə baş verməməsindən məmnunluq hissini ifadə edən Rəşad Mehdizadə Türkiyənin isə bundan əziyyət çəkməsinin üzücü olduğunu söyləyib: “Şükür, ölkəmizdə erkən yaşda qızların evləndirilməsi hallarına demək olar ki, rast gəlmirik. Lakin bu hadisələr qardaş ölkə Türkiyənin ən böyük problemlərindəndir. Biz də öz növbəmizdə bu olaylara işıq tutmaq istədik”.
Kampaniyaya Azərbaycandan da dəstəklərini gözlədiyini deyən həmyerlimiz ictimaiyyətimizin bu mövzuya həssas yanaşacağına inanır: “Kampaniyamıza dəstək olmaq istəyənlər də öz növbəsində vidolarımızı izləyədikdən sonra, #herseyyasindaguzel etiketi ilə Facebook, Twitter ve Instagram hesablarından uşaqlıq şəkillərini paylaşa bilərlər”