3 İyun 2015 14:29
10 023
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir zamanlar çirkab mənbəyi sayılan Böyük Şor gölündə artıq yaşıllıq və ətraf insanların istirahəti üçün hər cür şərait yaradılıb. Həmin şəraitlə yaxından tanış olmaq üçün deyilən məkana yollandıq.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 22 iyun 2012-ci il tarixli 2302 nömrəli Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində 9 gölün bərpası üzrə müəyyən edilmiş işlərin icrası məqsədi ilə İqtisadiyyat və Sənaye Nazirliyinin tapşırığı əsasında Niderlandın Witteveen+Bos şirkəti tərəfindən texniki-iqtisadi əsaslandırma, ətraf mühitə təsirin qiymətləndirilməsi və göllər üzrə konseptual bərpa layihələri hazırlanıb.

“Böyük Şor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2013-cü il tarixli, 61 nömrəli Fərmanı üzrə İqtisadiyyat və Sənaye Nazirliyi Böyük Şor gölünün bərpasına start verib.

Ekoloji normalar çərçivəsində

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Vüqar Babanın sözlərinə görə, parkın sahilboyu gəzinti zolağının uzunluğu 2,5 kilometr, bulvar sahəsinin ümumi eni 94 metr, parkın ümumi sahəsi isə 15,5 hektardır: “Böyük Şor gölünə sovet dövründən sənaye və məişət tullantı suları və neft qalıqları axıdılıb. Təsəvvürünüzə gətirin, layihəyə start verməzdən əvvəl gölə 76 mənbədən sənaye və məişət tullantı suları tökülürdü. Gölün dibinin təmizlənmiş ərazilərində neftlə çirklənmənin səviyyəsi 121 min mq/kiloqramdan 86-ya enib ki, bu da gölün dibinin artıq ekoloji normalar çərçivəsində olması deməkdir”.

80 min ağac kolu, 10 nəfərlik gəzinti gəmisi...

Vüqar Baba deyir ki, birinci mərhələdə layihənin 300 hektar üzrə icrasına başlanılıb: “Böyük Şor gölünün ilk mərhələsi üzrə aparılan təmir-tikinti işləri artıq başa çatdırılıb. Uzunluğu 2.5 km olan sahilboyu gəzinti idman və uşaq oyun meydançaları qurulub, ayrıca qaçış və velosiped zolaqları salınıb. 80 min ağac və bəzək kolu əkilib.

Ağacların bir hissəsi, velosipedlər xaricdən gətirilib. Gölün idarə edilməsi üçün günəş enerjisi ilə qidalanan xüsusi qurğulardan istifadə edilir. Gölün Olimpiya stadionu tərəfində ümumi uzunluğu 7200 metr olan 2 neft, 2 qaz və 2 su borusu yeraltı dəhlizə köçürülüb.

Parkın mühafizə zonasında 11 ədəd mühafizə məntəqəsi quraşdırılıb və bərk tullantıların atılmasının və əraziyə kənar müdaxilələrin qarşısı tam alınıb. Fəvvarələrin hündürlüyü isə 60 metrdir".

“Təmiz Şəhər” ASC-nin mətbuat katibi bildirdi ki, Böyük Şor gölünün ətraf ərazisi Bakıda keçiriləcək ilk Avropa Oyunları ərəfəsində paytaxta gələn turistlər üçün də istirahət sahəsi olacaq: “Gölün ətrafında insanların dincəlməsi və göldə gəzintisi də gerçəkləşdiriləcək. Böyük Şor gölünə gələnlərin rahat dincəlməsi və göllə tanışlığı üçün xüsusi qayıqlar da istifadəyə verilib. Yaxın günlərdə 10 nəfərlik gəzinti gəmisinin də vətəndaşların və qonaqların ixtiyarına verilməsi planlaşdırılır.

8 zolaqlı avtomobil yolu salınacaq

Qeyd edək ki, gölün park və bulvar hissəsində insanların gəzintisi də nəzərə alınaraq bəzi yeniliklər tətbiq olunacaq. Belə ki, parkın üç hissəsində dayanacaqlar yerləşdirilib ki, burada xüsusi elektriklə işləyən avtobuslar fəaliyyət göstərəcək. Həmin maşınlar park boyu gəzintini təmin edəcək. Yaşıllıqlar olan hissəyə gələcək insanlar isə rahat şəkildə piknik edib dincələ biləcəklər.

Vüqar Baba qeyd etdi ki, gölün ətrafında işlər 2014-ci ildə başlansa da, nəzərdə tutulanlar bununla yekunlaşmır. Böyük Şorun tam abadlaşdırılması 2-ci mərhələ üzrə görüləcək işlər bitdikdən sonra mümkün olacaq: “Qeyd etdiyimiz kimi, 300 hektar ərazi ilk mərhələdə yekunlaşıb. Konseptual layihə üzrə gölün qərb və cənub hissəsində bənd çəkiləcək, dib təmizlənəcək.

İndi göldə suyun keyfiyyətini yaxşılaşdırmaq üçün suvarma kanalı çəkilir. Böyük Şor gölü ilə bağlı gələcək planlardan biri də uzunluğu 1570 metr olan bu bənddir. Bənd gölü 2 hissəyə ayırır və gələcəkdə bu gölün üzərində 8 zolaqlı avtomobil yolu salınacaq. Sözügedən yol bəndi Ziya Bünyadov prospekti ilə Balaxanı şossesini birləşdirəcək".

İlk mikroorqanizmlər

Vüqar Baba deyir ki, artıq 3 gün öncə göldə ilk mikroorqanizmlər müşahidə olunub: “Bu da onu deməyə əsas verir ki, gələcəkdə göldə balıq və digər canlıların yaşaması mümkün olacaq. İlk mərhələ üzrə 2.8 milyon kub dib çöküntüsü göldən çıxıb”.

Məlumat üçün bildirək ki, ərazidə 398 işıq dirəyi, 150 oturacaq, 60 velosiped, 200 velosiped dayanacağı, 150 zibil qutusu, 4 uşaq oyun meydançası, 2 idman meydançası, 100 avtomobil yeri olan dayanacaq yerləşdirilib.

Suyun səviyyəsi və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət monitorinq sistemi gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıqlar təchiz edilib.

İlhamə Əbülfət


Müəllif: